"Real"ın yarımmüdafiəçisi Franko Mastantuono karyerasını "River Playt"də davam etdirə bilər. Sport24.az "The Athletic"-ə istinadən xəbər verir ki, 18 yaşlı argentinalı doğma klubuna qayıtmaq istəyir və klub da onun qayıtmasında maraqlıdır.

 

Mənbənin sözlərinə görə, icarə mümkün variantdır. Bu gedişat "Real" üçün də məqbuldur. Baş məşqçi Joze Mourinyo qarşıdakı mövsüm üçün Mastantuonoya güvənmir və gənc oyunçunun müntəzəm oyun vaxtı almasını istəyir.

 

"River Playt"ə qayıtmaq ən çox ehtimal olunan ssenarilərdən biri hesab olunur. Tərəflər şərtlər barədə razılığa gələ bilsələr, Argentina klubu gənc oyunçunu geri qaytarmağa hazırdır.

 

Qeyd edək ki, Mastantuono ötən mövsüm "Real"ın heyətində bütün turnirlərdə 35 oyun keçirib və 3 qol vurub. Lakin futbolçu əsas heyət oyunçusu kimi özünü təsdiqləyə bilməyib.