"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Qəzzadakı vəziyyətdən danışıb. Sport24.az xəbər verir ki, mütəxəssis bu haqda Mançester Universitetindəki çıxışı zamanı söz açıb. Qvardiola müharibə şəraitində olan şəhərin durumunun onu məyus etdiyini deyib:
"Qəzzada gördüklərimiz çox ağrılıdır. Bu ağrını bütün bədənimdə hiss edirəm. Açığını deyim - bu, ideologiya ilə bağlı deyil. Demək istəmirəm ki, mən haqlıyam, sən isə haqsızsan. Bu, sadəcə olaraq, həyat eşqi, digər insanlara qayğı ilə bağlıdır.
4 yaşlı oğlan və qızların bomba altında qaldığını, öldürüldüyünü görəndə düşünə bilərik ki, bu bizim işimiz deyil. Yaxşı. Amma diqqətli olun. Növbəti uşaq bizim uşağımız ola bilər.
Bu kabus Qəzzada başladığından bəri hər səhər övladlarım Mariya, Marius və Valentinanı görəndə qorxu hissi keçirirəm".