İtaliyanın "Latsio" futbol klubunda baş məşqçi dəyişikliyi rəsmiləşib. Sport24.az xəbər verir ki, Roma təmsilçisini Cennaro Qattuzo çalışdıracaq.
İtaliyalı mütəxəssis daha əvvəl "Latsio"dan ayrılan Mauritsio Sarrini əvəzləyib.
Qattuzo son olaraq İtaliya millisində işləyib. O, yığmanın DÇ-2026-ya vəsiqə qazana bilməməsindən sonra postunu tərk edib. İtaliya pley-off mərhələsində Bosniya və Herseqovinaya penaltilər seriyasında uduzaraq mundialdan kənarda qalıb.
47 yaşlı mütəxəssis futbolçu kimi İtaliya millisinin heyətində 2006-cı ildə dünya çempionu olub. Məşqçi karyerasında isə "Milan", "Napoli", "Valensiya", "Marsel" və "Hayduk" kimi klublarda çalışıb.
Qeyd edək ki, "Latsio" 2025/2026 mövsümünü A Seriyasında 54 xalla doqquzuncu pillədə başa vurub.