Sizcə, dünən baş tutan dünya çempionatının püşkatması heç bir səbəb olmadan bu qədər uzadılıb? Sizcə, onlar mərasimi daha maraqlı etmək üçün tamaşalar və digər şou elementləri ilə doldurmağa qərar veriblər? Bu da ola bilər. Amma tədbirin bu qədər uzanması başqa bir gizli motivdən xəbər verir...

 

Bununla da bizə mundialda bizi nəyin gözlədiyinə dair gizli mesaj ötürüldü. İlk dəfə dünya çempionatının final mərhələsində 48 komanda iştirak edəcək. Püşkatmanın ilk yarısı mənasız şou olduğu kimi idi, böyük ehtimalla, turnirin qrup mərhələsi də maraqız keçəcək.

 

Əlbəttə ki, debütant və ortabab komandalar üçün dünya çempionatı böyük bayramdır. Özbəkistan, İordaniya, Kabo-Verde və Kurasao kimi millilər turnirin hər saniyəsindən zövq alacaqlar.

 

Amma əziyyət çəkən futbolsevərlər olacaq. "Biz dünya çempionatındayıq" deyənlər üçün DÇ-2026-ya bilet sifariş etmək əsl bayramdır. Bunlar tamamilə başa düşülən və təbii hisslərdir. Amma məsələ burasındadır ki, bunlar özlüyündə böyük futbolla bağlı deyil. Əsasən də keyfiyyət baxımından...

 

Özbəkistan, İordaniya, Kabo-Verde, Kurasao və digər debütantlar necə çıxış etsələr də onları heç kim qınamayacaq. Özlərinin də qarşısına ciddi məqsəd qoyulmayıb. Onlar dünya çempionatının final mərhələsindədir ki, bu, artıq özlüyündə böyük qələbədir! Azarkeşlər isə daha maraqlı, daha gərgin idman mübarizəsində keçən oyunlar görmək istəyir...

 

Heç şübhəsiz ki, qarşıdan gələn dünya çempionatının qrup mərhələsi böyük futbolla bağlı deyil. Təbii ki, meydandakı hadisələrdən zövq almaq istəyənlər turniri pley-offdan izləməyə başlayacaq. Hətta ola bilər hansısa zəif komanda üçüncü yerdən vəsiqə qazanaraq pley-offa yüksələcək. Ancaq növbəti raunddan etibarən daşlar yerinə oturacaq. Çünki, həmin yerdə daha sərt  filtr işə düşəcək və seçmə mərhələdə yaşanan təsadüflərə yer olmayacaq. Əsl dünya çempionatı da onda başlayacaq...