Portuqaliya millisinin keçmiş futbolçusu, hazırda Qətərin "Əl Khor" klubunda çıxış edən Ruben Semedo həbs edilib. Sport24.az xəbər verir ki, bu barədə "Correio da Manh" məlumat yayıb.

 

Onun saxlanılmasına səbəb məişət zorakılığıdır. 30 yaşlı müdafiəçi Lissabonda sevgilisinə hücum edib və onu zorla bir neçə saat evdə qalmağa məcbur edib.

 

Bundan sonra qız xəstəxanaya yerləşdirilib. Onun Semedo tərəfindən döyüldüyü ortaya çıxıb. Sevgilisi Semedodan şikayət edib və nəticədə futbolçu həbs edilib. 

 

Xatırladaq ki, Semedo dəfələrlə cinayət törətməkdə ittiham olunub. 2021-ci ildə o, azyaşlı qıza təcavüz etməkdə şübhəli bilinirdi. 2018-ci ildə futbolçu İspaniyada gecə klubunun işçisini silahla hədələdikdən sonra həbs olunmuşdu. O, eyni ildə adam oğurluğu və adam öldürməyə cəhddə ittiham edilib, lakin həbs cəzasından yayınıb.