"Liverpul"un baş məşqçisi Arne Slot komandanın standart vəziyyətlərdəki oyunu və Premyer Liqanın ilk dördlüyünə düşmək perspektivləri ilə bağlı danışıb. Sport24.az xəbər verir ki, niderlandlı mütəxəssis turnir cədvəlində tutduqları mövqedən narazı olduğunu bildirib:
"Hazırda çempionatda tutduğumuz mövqeyə görə çox məyusuq. Ötən mövsüm mövsümün ortalarınadək "Liverpul" standart vəziyyətlərdən bir dənə də olsun qol buraxmamışdı. Rəqiblərin künc zərbələri və ya cərimə zərbələri zamanı oynadığımız futbolla ilk dördlüyə düşmək mümkün deyil. Ümumiyyətlə, turnir cədvəlinin yuxarı hissəsində yer alan komandalar arasında standart vəziyyətlər üzrə mənfi statistikaya malik yeganə komandayıq. Bizdə bu göstərici -8-dir və buna baxmayaraq hələ də beşinci yerdəyik".
Qeyd edək ki, "Liverpul" 17 turdan sonra 29 xala malikdir. "Çelsi" də eyni sayda xal toplayıb, lakin londonlular top fərqinə görə "qırmızılar"ı qabaqlayırlar. Slotun rəhbərlik etdiyi komanda növbəti oyununu sabah, dekabrın 27-də "Vulverhempton"a qarşı keçirəcək.