"Liverpul" 16 yaşlı seneqallı sağ cinah oyunçusu Sidi Barham Ndiayeni heyətinə qatmaq üçün seçim hüququ (opsiya) əldə etməklə bağlı razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
İngiltərə klubu hazırda Seneqalın "Diambars" komandasında çıxış edən futbolçunu 18 yaşına çatdıqdan sonra transfer etmək hüququna sahibdir.
"Liverpul" bu hüquqdan istifadə etmək qərarına gəlsə, oyunçu 2028-ci ilin yanvarında komandanın formasını geyinəcək.
İngiltərə klublarına 18 yaşı tamam olmamış əcnəbi oyunçuları transfer etmək qadağandır. Ndiayenin 18 yaşı isə 2027-ci il dekabrın 31-də tamam olacaq.
Qeyd edək ki, 16 yaşlı futbolçu hazırda Seneqalı U-17 millisinin heyətində dünya çempionatında təmsil edir. O, turnirdə keçirdiyi iki oyunda bir qol vurub və iki məhsuldar ötürmə edib.