Lionel Messinin "2025-ci ilin ən yaxşı futbolçusu" seçimində kimə səs verdiyi müəyyənləşib. Sport24.az xəbər verir ki, FIFA-nın "dünyada ilin oyunçusu" nominasiyasının tam nəticələri ali futbol qurumunun rəsmi saytında dərc edilib. Seçim zamanı 2024-cü ilin avqustun 11-dən, 2025-ci ilin avqustun 2-dək olan müddət nəzərə alınıb. Milli komandaların kapitanları və baş məşqçiləri də sorğuda iştirak ediblər.
Messi sorğuda Argentina milli komandasının kapitanı kimi iştirak edib.
Argentinalı ulduz futbolçu PSJ-dən Usman Dembeleni birinci, "Real"dan Kilian Mbappeni ikinci, "Barselona"dan isə Lamin Yamalı üçüncü yerdə qeyd edib.
Qeyd edək ki, namizədlərə siyahıdakı yerlərinə görə xallar verilib (birinci yer üçün beş, ikinci yer üçün üç və üçüncü yer üçün bir xal). FIFA-nın "İlin Oyunçusu" mükafatı ən çox xal toplayan Dembeleyə verilib.