Qazaxıstanın "Kayrat" klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin ev oyununu Türküstan şəhərində keçirəcək. Sport24.az xəbər verir ki, buna səbəb məşhur amerikalı repçi Kanye Vestin Almatıdakı Mərkəzi Stadionda baş tutacaq konsertidir.
Sözügedən tədbir səbəbindən Almatı təmsilçisinin doğma arenası matç üçün əlçatmaz olub.
Almatı klubu problemlə bağlı UEFA-ya müraciət edib. Qitə futbol qurumu "Kayrat"ın III təsnifat mərhələsindəki ev oyununun Türküstandakı "Türküstan Arena"da keçirilməsinə razılıq verib.
"Kayrat" iyulun 29-da ÇL-in II təsnifat mərhələsinin cavab matçında Kiprin "Omoniya" klubunu qəbul edəcək (ilk oyun — 0:1). Qazaxıstan təmsilçisi bu səddi keçəcəyi təqdirdə III təsnifat mərhələsinə vəsiqə qazanacaq. Məğlub olacağı halda mübarizəni Avropa Liqasında davam etdirəcək.