İtaliyalı mütəxəssis Andrea Pirlo yaxın zamanda ölkəsinin millisinə baş məşqçi təyin oluna bilər. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Mənbənin iddiasına görə, Xosep Qvardiolanın təklifdən imtina etməsindən sonra 2006-cı ilin dünya çempionu olan Pirlo İtaliya millisinin baş məşqçi vəzifəsinə əsas namizəd hesab olunur. Gözlənilməz dəyişiklik baş verməsə, o, "Skuadra Adzurra"ya rəhbərlik edəcək.

 

Bildirilib ki, tərəflər müddəti 2030-cu ilədək nəzərdə tutulan müqavilə ilə bağlı razılığa gəliblər. Mütəxəssisin illik maaşının 1,5 milyon avro olacağı qeyd edilir.

 

İtaliya Futbol Federasiyasının yaxın günlərdə təyinatla bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.

 

Qeyd edək ki, İtaliya millisi dünya çempionatına vəsiqə qazanmaq üçün növbəti uğursuz cəhddən sonra yeni baş məşqçi axtarışındadır. Daha əvvəl Xosep Qvardiola və Karlo Ançelottinin bu vəzifədən imtina etdiyi bildirilmişdi.