İngiltərə Premyer Liqası tarixindəki ən yaxşı mərkəzi müdafiəçi cütlüklərinin reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Siyahı bir neçə meyar əsasında tərtib olunub. Birlikdə keçirilən oyunların ümumi sayı, hər matça düşən buraxılan qolların orta sayı, qapının toxunulmaz saxlanıldığı (qol buraxılmayan) qarşılaşmaların və qələbə faizi.
Birinci yerdə "Arsenal"ın əfsanəvi cütlüyü – Martin Kion və Toni Adams qərarlaşıb. Onlar Premyer Liqada birlikdə 151 oyun keçirib, hər oyunda orta hesabla 0,71 qol buraxıb, matçların 51%-də qapılarını toxunulmaz saxlayıb və oyunların 52%-də qalib gəliblər.
İkinci yerdə "Mançester Yunayted"dən Rio Ferdinand və Nemanya Vidiç yer alıb (birlikdə 134 oyun, hər oyunda 0,72 buraxılan qol və 69% qələbə göstəricisi). İlk "üçlüy"ü "Çelsi"də çıxış etmiş Con Terri və Rikardu Karvalyo tamamlayır. Onlar birlikdə 102 oyunda iştirak edib, ilk "üçlük"də ən yüksək "quru oyun" (qol buraxılmayan matç) faizinə (54%) sahib olub və 72 faiz qələbə əldə ediblər.
İlk "10-luğ"a hələ də karyerasını davam etdirən və ya bu yaxınlarda karyerasını bitirmiş oyunçular da daxildir. "Arsenal"dan Vilyam Saliba və Qabriel Maqalyaes cütlüyü yeddinci yerdədir (113 oyun, hər oyunda 0,79 buraxılan qol, 70% qələbə faizi). Doqquzuncu yerdə "Liverpul"dan Vircil van Deyk və Joel Matip qərarlaşıb (72 oyun, hər oyunda 0,81 buraxılan qol, 71% qələbə faizi). İlk "10-luğ"u isə Mersisayd klubundan daha bir cütlük – Ceymi Karrager və Sami Hyüpyaya tamamlayır.