Fransa millisinin keçmiş yarımmüdafiəçisi Jerom Roten Kilian Mbappenin topuq zədəsini əsas gətirərək Azərbaycanla oyuna yollanmamasına görə, Fransa Futbol Federasiyasını tənqid edib. Veteran futbolçu bununla bağlı "Mundo Deportivo" qəzetinə açıqlama verib:

 

"Ukrayna ilə oyunun 80-ci dəqiqəsində, hesabda 4:0 öndə olarkən özümüzə sual verdik ki, görəsən kim zədə bəhanəsi ilə Bakıya getməyəcək? Mbappe Fransa millisinin kapitanıdır və ona xüsusi münasibət göstərilir. Amma onun komanda yoldaşları da var. Həqiqətənmi düşünürsünüz ki, il ərzində Mbappe qədər və ya ondan daha çox oyun keçirən futbolçular yorulmur və bu əhəmiyyətsiz matçda oynamaq istəyir? Xeyr. Amma onlar gedirlər, çünki məcburdurlar.

Qalib gəldiyiniz müddətcə heç kim heç nə demir. Bu cür qərarların verilməsi paltardəyişmə otağında problemlərə səbəb ola bilər və mən əminəm ki, Mbappeyə qarşı belə güzəştlərdən bezən oyunçular var".

 

Qeyd edək ki, Fransa millisi DÇ-2026-nın seçmə mərhələsində sabah Bakıda millimizlə qarşılaşacaq.