Nigeriya Futbol Federasiyası 2026-cı il dünya çempionatının seçmə mərhələsində Konqo Demokratik Respublikasına (DR Konqo) qarşı oyunun nəticələrindən (1-1, 3-4 penaltilər seriyası) sonra FIFA-ya şikayət ərizəsi təqdim edib. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mənbənin sözlərinə görə, Nigeriya tərəfi hesab edir ki, Konqo DR heyətində vətəndaşlıq saxtakarlığı səbəbindən millinin formasını geyə bilməyəcək 6 ilə 9 arasında oyunçu var. Bu futbolçular Avropada anadan olublar və pasportlarından imtina etməyiblər. Konqo DR qanunvericiliyinə görə isə ikili vətəndaşlıq qadağan olunub.
FIFA-nın şikayətlə bağlı yekun qərarı martda, dünya çempionatının qitələrarası pley-off mərhələsi ərəfəsində açıqlayacaq.
Qeyd edək ki, Nigeriya millisi Afrika üzrə dünya çempionatının seçmə mərhələsinin finalında Konqo DR milli komandasına məğlub olub (1-1, 3-4 penaltilər seriyası). Konqolular qitələrarası pley-off mərhələsinə yüksəliblər, Nigeriya isə mundiala yollanmaq şansını itirib.