UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Bolqarıstan təmsilçisi ÇSKA dünən yerli çempionatda 2-ci tur çərçivəsində "Botev"lə qarşılaşıb. Matç ÇSKA-nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qarabağ"ın rəqibinin heyətində Coel Svarts dublla yadda qalıbsa (41;89), 90+1 dəqiqədə İoannis Pittas adını tabloya yazdırıb.
Matçdan sonra ÇSKA-nın baş məşqçisi Valentin İliyev "Botev"lə matçdan danışmaqla yanaşı, qarşıdakı "Qarabağ"la görüş barədə də fikirlərini bölüşməyi unutmayıb:
"Qarabağ"la oyuna gəldikdə, səfərdə yaxşı oyun sərgilədik. Heç birimiz özümüzü aldatmırıq və bilirik ki, çətin rəqiblə qarşılaşırıq. Heç bir komanda məğlubedilməz deyil. Onlar yaxşı komandadır, amma bizim keyfiyyətli oyunçularımız var və mən onları məğlub edə biləcəyimizə ümid edirəm".
Qeyd edək ki, ÇSKA - "Qarabağ" matçı iyulun 30-da Sofiyadakı Vasil Levski adına stadionda keçiriləcək və matça Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.