Çempionlar Liqasının 2024/25 mövsümündə İtaliyanı ən azı 5 klubun təmsil edəcəyi dəqiqləşib. Sport24.az xəbər verir ki, buna UEFA-nın klub bölgüsündəki yenilik səbəb olub.

 

2024/25 mövsümündən etibarən son futbol ilinin iki ən yaxşı ölkəsinə Çempionlar Liqasında əlavə yer verilir. Hazırda 19,428 xalla 1-ci olan İtaliya ilk iki yerdən birini təmin edib.

 

Bu, A seriyasının 5-ci komandasına Çempionlar Liqasına vəsiqə verib. İkinci olan Almaniya mövqeyini qorusa əlavə yer qazanacaq. Amma İngiltərə və Fransanın da ikinci olmaq şansları qalıb.

 

Amma İtaliya 5 deyil, hətta 6 komandasını da Çempionlar Liqasına göndərə bilər. Bunun üçün Avropa Liqasında mübarizəni davam etdirən "Roma" və "Atalanta"dan biri kuboku qazanmalı, A seriyasında "dördlük"dən kənar qalmalıdır.

 

Qeyd edək ki, növbəti mövsümdən turnirin əsas mərhələsində 32 deyil, 36 komanda mübarizə aparacaq.