"Çelsi"nin sabiq kapitanı Con Terri London klubunun rəhbərliyini braziliyalı müdafiəçi Tiaqo Silvanı "Fluminense"dən geri qaytarmağa səsləyib. Sport24.az xəbər verir ki, veteran futbolçu bu barədə "The Sun"a açıqlama verib:
"Tiaqo Silva hazırdır. Məni dinləyin. O, futbol klubumuzla əla münasibətləri olan zəngin təcrübəyə malik bir insandır. İki uşağı akademiyamızda oxuyur. Şübhəsiz ki, Milad bayramında ailəsi ilə birlikdə Londona qayıdacaq. Onu yenidən klubumuzda görmək istərdim. Demirəm ki, hər həftə oynamalıdır, amma klubun bu cür oyunçularla birlikdə oynayaraq qazana biləcəyi təcrübə, yəqin ki, 2017-ci ildə çempionluğu qazandığımız Antonio Kontenin rəhbərliyi altında mənim oynadığım rolla müqayisə edilə bilər.
Ailəsi Avropada yaşadığı üçün futbolçu da London klubuna qayıtmaq istəyir.
Qeyd edək ki, Silva 2020-ci ildən 2024-cü ilə qədər "Çelsi"də oynayıb. London klubunda 155 oyun keçirən müdafiəçi doqquz qol, beş məhsuldar ötürmə ilə yadda qalıb. O, "zadəganlar"la Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klublararası Dünya Kubokunu qazanıb.