Almaniyanın "Borussiya Dortmund" klubunda icarə əsasında çıxış edən 20 yaşlı mərkəz müdafiəçisi Aaron Anselminonun gələcəyi yenidən müzakirə mövzusuna çevrilib. Sport24.az xəbər verir ki, futbolçunun müqavilə hüquqlarına sahib olan "Çelsi" onun icarəsini vaxtından əvvəl dayandıra bilər.

 

Belə ki, "Çelsi" qış transfer pəncərəsində Anselminonu geri qaytarmaq üçün müvafiq maddəni aktivləşdirmək imkanına malikdir. Buna səbəb futbolçunun arxa bud əzələsindən aldığı zədə ucbatından "Borussiya Dortmund"da müqavilədə nəzərdə tutulan minimum oyun dəqiqələrini toplaya bilməməsidir.

 

Məlumata görə, Anselmino Dortmunddakı karyera mərhələsindən razıdır, lakin yekun qərar "Çelsi" rəhbərliyinə məxsusdur.

 

Cari mövsümdə argentinalı müdafiəçi "Borussiya Dortmund"un heyətində bütün turnirlər üzrə 9 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.