"Barselona"nın prezidenti Joan Laporta Bilbao "Atletik"inin yarımmüdafiəçisi Niko Uilyamsın transferinin reallaşacağına əmin deyil. Sport24.az xəbər verir ki, bu barədə "Cadena SER" portal məlumat yayıb.
Mənbənin sözlərinə görə, buna səbəb 22 yaşlı futbolçunun ötən yay "blauqrana"dan gələn təklifi rədd etməsidir. Uilyamsın ötənilki hərəkəti Laportanın qüruruna toxunub. Bu üzdən klub prezidentinin fikrincə transferə doğru ilk addımı kataloniyalılar deyil, oyunçunun agenti atmalıdır. "Barselona"nın yay üçün prioritet transfer hədəfi "Liverpul"un vingeri Luis Diasdır.
Bir neçə gün öncə "Barselona"nın Uilyamsı transfer etmək üçün bankdan kredit götürəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Qeyd edək ki, ispan futbolçu 2021-ci ildən "Atletik"də çıxış edir. Niko ötən mövsüm bütün turnirlərdə 45 matçda 11 qol vurub və 7 məhsuldar ötürmə edib.