"Barselona"nın baş məşqçisi Hans-Dieter Flik İspaniya La Liqasının 20-ci turunda "Real Sosyedad"a qarşı keçirdikləri matçda hakim Xesus Gil Manzanonun idarəçiliyindən narazı qalıb. O, qarşılaşmadan sonra verdiyi açıqlamada nəticənin oyunun gedişini əks etdirmədiyini bildirib. Sport24.az xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb:
"Mən enerjimi o adamı – hakimi müzakirə etməyə sərf etmək istəmirəm. Stadionda olanlar da, oyunu televizordan izləyənlər də bu axşam nələrin baş verdiyini gördülər.
Mən həmişə La Liqa hakimləri haqqında yüksək fikirdə olmuşam. Burada çox yaxşı hakimlərimiz var. Amma bu adam... Bu adam, hamı onun necə olduğunu bilir... Frenki hakimin təkəbbürlü olduğunu dedi və o sözlərində haqlıdır. Hamı onun bu gecə nə etdiyini gördü".
Qeyd edək ki, görüş Kataloniya təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Hazırda aktivində 49 xal olan "Barselona" 20 turdan sonra turnir cədvəlinə başçılıq edir. "Real Sosyedad"ın 24 xalı var və doqquzuncu yerdədir.