"Palermo" yeni mövsümdə A Seriyasına yüksəlmək hədəfi üçün iddialı addımlar atmağa davam edir. Sport24.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, Sicilya təmsilçisi "Roma"da çıxış edən Paulo Dibalanı heyətinə qatmaq istəyir.
Mənbənin sözlərinə görə, "Palermo"nun idman direktoru Karlo Osti "Roma"dan ayrılmağa hazırlaşan həmkarı Rikki Massara ilə əlaqə saxlayaraq Dibala ilə görüşmək istəyini çatdırıb. Argentinalı futbolçu təklifə görə təşəkkür etsə də, onu nəzakətlə rədd edib. Dibala "Palermo"ya olan sevgisini vurğulayıb, lakin "Roma"da özünü xoşbəxt hiss etdiyini və paytaxt klubunda daha sərfəli şərtlərlə yeni müqavilə imzalamağa üstünlük verdiyini bildirib.
Qeyd edək ki, Paulo Dibala 2012-2015-ci illərdə "Palermo"nun formasını geyinib. Argentinalı futbolçunun hazırkı klubu olan "Roma" ilə müqaviləsinin müddəti isə bu ilin yayına qədər nəzərdə tutulub.