Alvaro Arbeloa mövsümün son oyunundan əvvəl təşkil edilən mətbuat konfransında "Real" ilə yollarını ayıracağını rəsmən təsdiqləyib. Sport24.az xəbər verir ki, İspaniyalı mütəxəssis son dörd ayın onun üçün çox çətin keçdiyini gizlətməyib.
Klubdakı fəaliyyətini dəyərləndirən çalışdırıcı rəhbərliklə hər şeyi müzakirə etdiklərini bildirib:
"Hamı ilə danışdım, fikir mübadiləsi apardıq. Bəzən razılaşdıq, bəzən isə yox. Klubun mənə verdiyi bu fürsətə görə minnətdaram və ümid edirəm ki, bir gün yenidən buraya qayıdacağam".
Arbeloa qərar verərkən şəxsi maraqlarından çox klubun mənafeyini düşündüyünü vurğulayıb:
"Son aylarda özümü yox, daha çox "Real"ı düşündüm. Klub üçün ən doğru olanı etməyə çalışdım. Başqa klubda vəziyyət fərqli ola bilərdi, amma burada etməli olduğum məhz bu idi. Peşman deyiləm".
Son oyunun "Santyaqo Bernabeu"da keçirilməsinin xüsusi olduğunu qeyd edən mütəxəssis azarkeşlərə qələbə ilə vida etmək istədiyini deyib. O, komandanın müdafiəçisi Dani Karvaxal barədə də xoş sözlər ünvanlayıb:
"Karvaxal "Real" futbolçusunun necə olmasının simvoludur. Akademiyadan yetişməsi və klub üçün etdikləri onu xüsusi edir. Sabah onun üçün xüsusi gün olacaq".
Gələcəyi ilə bağlı danışan çalışdırıcı yeni çağırışlara hazır olduğunu bildirib:
"Bu, "Real"da son oyunum olacaq. Məşqçi karyeramın burada bitib-bitməyəcəyini bilmirəm. Amma son dörd ayda çox inkişaf etdim və yeni çağırışlara hazıram".
Arbeloa mətbuatda Joze Mourinyo ilə bağlı yayılan iddialara da aydınlıq gətirib:
"Mourinyonun güclü məşqçi heyəti var və o, gələcəyi halda öz komandası ilə gələcək. Mənim onun heyətinə qoşulmağım mümkün deyil".