"Sözsüz ki, günün ən keyfiyyətli oyunu Norveç Fransa . Hücum futbolu gözlənilir. Norveç sürətli keçidlər və fiziki güclə oynayır, Fransa isə topa nəzarət və fərdi ustalığa güvənir".

 

Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Adil Şükürov deyib.

 

Təcrübəli mütəxəssis bu gün dünya çempionatının 3-cü turu çərçivəsində keçiriləcək oyunlardan gözləntilərini açıqlayıb:

 

"Əgər Norveç erkən qol tapsa, oyun çox açıq keçə bilər. Fransa isə təcrübəsi ilə matçı idarə etməyə çalışacaq. Seneqal üçün "ölüm-qalım" matçıdır. İlk dəqiqələrdən təzyiq edəcəklər. İraq əsasən əks-hücumlara bel bağlayacaq. Seneqal erkən qol vurmasa, oyun çətinləşə bilər. Turnirin sürpriz komandası Kabo-Verdedir. Onlar intizamlı müdafiə və sürətli cinah hücumları ilə diqqət çəkirlər. Səudiyyə isə topa sahib olmağa çalışacaq, amma Kabo-Verdenin əks-hücumları təhlükəli görünür. Uruqvay mübarizə və fiziki oyuna üstünlük verəcək, İspaniya isə pas futbolu ilə rəqibi yormağa çalışacaq. Əgər İspaniya erkən hesabı açsa, matç onların nəzarətində keçə bilər. Uruqvay isə sonadək mübarizə aparacaq. Bu oyunda risk az olacaq. Hər iki komanda ilk növbədə müdafiəni düşünəcək. Oyunun taleyini standart vəziyyət və ya fərdi səhv həll edə bilər. Heç-heçə ehtimalı yüksək qiymətləndirilir. Belçika heyət keyfiyyətinə görə üstün olsa da, turnirdə gözlənilən səviyyəni göstərə bilməyib. Yeni Zelandiya isə mübarizədən geri çəkilməyəcək və sürpriz etmək istəyəcək. Belçika topa daha çox sahib olsa da, təzyiq də onların üzərindədir".

 

Qeyd edək ki,  Bu gün, iyunun 26-da mundialın növbəti oyunları saat 23:00-da start götürəcək. Həmin saatda Norveç Fransa ilə, Seneqal İraqla qarşılaşacaq. İyunun 27-nə keçən gecə saat 04:00-da Kabo-Verde millisi Səudiyyə Ərəbistanı ilə oynayacaq. Həmin saatda Uruqvay - İspaniya matçı da başlayacaq. Səhər saat 07:00-da isə Misir – İran, Yeni Zelandiya – Belçika matçları keçiriləcək.