Belçikanın Audenarde şəhərində danışılmış oyunlar ilə bağlı məhkəmə prosesi başlayıb. Sport24.az xəbər verir ki, 28 nəfər istintaqa cəlb olunub. Onlar həmçinin fırıldaqçılıqda, pulların yuyulmasında və cinayətkar dəstənin yaradılmasında günahlandırılır.

"De Standaard" xəbər verir ki, 2015-ci ildə Belçikada uzun müddət yaşayan iki Ermənistan vətəndaşı mərc oyunları ilə bağlı Brüssel komissiyasına üz tutublar. Onlar bundan bir neçə gün əvvəl Ermənistandakı tennis matçına mərc ediblər. 5 min avrodan az pul qoyuluşu edib, sonda 13 min avro qazanıblar. Menecer bunu şübhəli bilib və vəsaiti dondurub. Oyunçuların şikayəti isə irimiqyaslı araşdırmaya gətirib, çünki onlar əhəmiyyətsiz bir matça böyük məbləğdə pul qoyuluşu ediblər.

Belçika istintaqı erməni dəstəsinin başçısı sayılan və 182 tennisçidən ibarət beynəlxalq şəbəkəyə nəzarət edən Qriqori S. adlı birinə çıxıb. Həmin idmançılardan biri də belçikalı tennisçi Artur de Qrifdir. O, günahını etiraf etməyib. 2021-ci ilin mayında isə bir müddətlik diskvalifikasiyaya məruz qalıb.

Misirdən olan başqa tennisçi 2017-ci ilin mayında Qriqorinin kölgə sxeminin vasitəsilə hesabına 4 min avro köçürdüyünü deyib. Bolqarıstan və Slovakiyadan olan oyunçular da oxşar ifadə veriblər. Federal prokurorluğun məlumatına görə, azı 375 danışılmış matç baş tutub. Cinayətkarlar ödəniş üçün 1671 hesabdan istifadə ediblər. 2016-cı ilin iyunundan 2018-ci ilin martına qədər onlayn-ödənişlər üçün nəzərdə tutulan xüsusi hesaba ümumilikdə 8,3 milyon avrodan çox pul qoyulub.