Azərbaycan avarçəkmə millisinin kayak növü üzrə böyük məşqçisi Mirnazim Cavadov "Prezident Kuboku-2025" beynəlxalq reqatasındakı nəticələri dəyərləndirib. Sport24.az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlama verib.

 

O, yarışa yaxşı hazırlaşdıqlarını vurğulayıb:

 

"Bunun nəticəsi olaraq turnirin ilk günündə idmançılarımız 3 bürünc medal qazandılar. Bu gün də 1 gümüş və 1 bürünc medalı hesabımıza yazmağı bacardıq. Nəticələrin yüksək olacağını əvvəlcədən proqnozlaşdırırdıq. Əlimurad Hacızadədən bu gün qızıl medal gözləyirik. O, 1000 metr məsafəyə yarışda rəqiblərini üstələməyə çalışacaq".

 

Baş məşqçi uğurların davamını Avropa və dünya çempionatlarında gətirmək istədiklərini bildirib:

 

"Şübhəsiz ki, "Prezident Kuboku-2025" turnirində qazanacağımız nəticələr bizim üçün önəmlidir. Mingəçevirdəki reqatada gücümüzü bir qədər də artırıb, dünya və Avropa çempionatlarına hazırlaşmaq istəyirik".

 

Qeyd edək ki, Azərbaycan idmançıları yarışın ilk iki günündə 1 gümüş və 4 bürünc medal qazanıblar.

 

"Prezident Kuboku-2025" turnirinə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.

 

20 ölkədən 200-dən çox idmançının çıxış etdiyi turnirə sabah yekun vurulacaq.