Avarçəkmə üzrə "Prezident Kuboku-2025"də ikinci yarış gününə start verilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə "Prezident Kuboku-2025" beynəlxalq reqatasında ikinci yarış günü başlayıb.
Sport24.az xəbər verir ki, Mingəçevirdə yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışlarda komandalar müxtəlif məsafələr üzrə kayak, kanoe və akademik avarçəkmə növündə qüvvələrini sınayırlar.
Reqatada Azərbaycanla yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistanı təmsil edən idmançılar mübarizə aparırlar.
Ötən gün Suqovuşanda start götürən turnirdə Azərbaycan avarçəkənlərindən Amil Ramazanov (2007), Əlimurad Hacızadə (2009) və Mustafa Vəlizadə (2011) birnəfərlik kayak qayığında bürünc medala layiq görülüblər.
Qeyd edək ki, reqataya mayın 2-də yekun vurulacaq.