Misirin paytaxtı Qahirədə təşkil olunacaq dünya çempionatında iştirak edəcək Azərbaycan karateçiləri bəlli olub. Karate Federasiyasından bildirilib ki, mundialda ölkəmizi altı idmançı lisenziya əsasında təmsil edəcək.
Kişilərin mübarizəsində Nuran Rzazadə (67 kiloqram), Turqut Həsənov (84 kiloqram), Asiman Qurbanlı (+84 kiloqram), qadınlar arasında isə Mədinə Sadıqova (55 kiloqram) və İrina Zaretska (68 kiloqram) güclərini yoxlayacaq. Kata yarışında isə Roman Heydərov mübarizə aparacaq.
Həmçinin Azərbaycanın milli parakarate komandası da turnirdə iştirak edəcək.
Dünya çempionatı noyabrın 27-dən 30-dək keçiriləcək.