"İdman paytaxtı"nın açılışında Qəbələdən olan bir çox azyaşlı qız və oğlan idmançıları gördük. Bu, müxtəlif idman qurumlarının gördüyü işin nəticəsidir. Bu nəticələri birlikdə əldə etmişik. İnanıram ki, bu uşaqlar ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcəklər".
Sport24.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov "Qəbələ - İdman Paytaxtı 2025"in açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir ötən il Qubanın Azərbaycanın "İdman paytaxtı" seçildiyini və uğurlu nəticələr əldə olduğunu söyləyib:
"Quba layiqincə bu işin öhdəsindən gəldi. Burada müxtəlif yerli və beynəlxalq idman tədbirləri keçirildi. Yekunda bu regionda daha çox insan idmanla məşğul olmağa başladı. Düşünürəm ki, bu il Qəbələdə də belə olacaq. Federasiyalar burada yarışlar keçirməyi planlaşdırırlar. Bu il ölkə idmanı üçün ən önəmli hadisə isə MDB Oyunlarının təşkilidir. Qəbələ də bu Oyunların bir parçasıdır. İnanıram ki, ilin sonunda Qəbələdə daha çox insanın idmana cəlb olunmasına şahid olacağıq".
O, MDB Oyunlarına hazırlıqların yaxşı səviyyədə getdiyini də diqqətə çatdırıb: "MDB Təşkilat Komitəsinin artıq iclasları keçirilir. Müvafiq işlər gedir. Onu da qeyd edim ki, tədbirdə MDB ölkələri ilə yanaşı, digər ölkələrdən qonaqlar da olacaq".
Qeyd edək ki, Qəbələ şəhəri 2023-cü il dekabrın 7-də Gənclər və İdman Nazirliyi Kollegiya iclasında keçirilmiş səsvermə nəticəsində 2025-ci il üçün Azərbaycanın "İdman paytaxtı" seçilib.