28 aprel-2 may tarixlərində keçiriləcək Ümumilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku-2025" beynəlxalq reqatası öncəsi Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüb. Sport24.az xəbər verir ki, Füzulidə yeni salınmış şəhərciyə köç edən sakinlərlə görüş zamanı aprelin 28-də Köndələnçayda təşkil olunacaq tədbir haqda məlumat verilib.

 

Tədbir "Prezident Kuboku-2025" beynəlxalq reqatasını əhatə edir. Saat 11:00-dan etibarən Köndələnçayda maraqlı su şouları, avarçəkənlərin nümunəvi çıxışları baş tutacaq. Eyni zamanda uşaq və yeniyetmələr üçün maraqlı viktorinalar və intellektual yarışmalar keçiriləcək, federasiya tərəfindən xatirə hədiyyələri təqdim olunacaq. Qarabağda ilk dəfə sakinlər üçün həvəskar avarçəkmə qayıqlarında özünü sınamaq imkanı yaradılacaq.

 

Qeyd edək ki, "Prezident Kuboku-2025" beynəlxalq reqatasında Avropa, Asiya və Afrikadan 20-dən çox ölkədən 200 nəfərdən çox idmançı mübarizə aparacaq. Aprelin 29-da saat 14:00-da Mingəçevirdə, Heydər Əliyev prospektində yarışların rəsmi paradı baş tutacaq. 29 aprel saat 11:00-dan etibarən Suqovuşan su anbarında Reqatanın açılış mərasimi və ilk yarışlar keçiriləcək. Reqata 1-2 may tarixlərində Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.