Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü ilə Azərbaycana səfər edən Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının ekspertləri 9 fevral tarixində yeniyetmə oğlanlardan ibarət milli yığma komandanın üzvləri üçün ustad dərsi keçiblər. Sport24.az xəbər veur ki. ustad dərsi BCF-in Akademiyasının ekspertləri Mesut Kapan, Tina Trestinyak (Rio 2016 Yay Olimpiya Oyunlarının qızıl medalçısı) və Hiroyuki Hirano tərəfindən keçirilib. 

Olimpiya çempionu Tina Trestinyak bir sıra cüdo texnikasını, xüsusi ilə də beynəlxalq turnirlərdə və Olimpiya Oyunlarında istifadə edərək qalib gəldiyi fəndləri idmançılara nümayiş edib. Mesut Kapan yeniyetmə cüdoçulara öz tövsiyələrini verib: “Yaxşı idmançı hər zaman rəqibini izləyir və buna görə də hər zaman hazırlıqlı olur”. Həmçinin, o cüdo fəndlərinin adlarının düzgün bilmələrinin idmançıların gələcəkdə daha peşəkar səviyyəyə çatmalarına zəmin yaratdığını bildirib. 

Ekspertlər cüdo fəndlərinin idmançılar tərəfindən düzgün yerinə yetirilməsinə nəzarət ediblər. 

Yeniyetmə oğlanlardan ibarət milli yığmanın baş məşqçisi Rüstəm Alimlinin sözlərinə görə idmançıların beynəlxalq səviyyəli cüdo mütəxəssisləri ilə görüşü onları daha da ruhlandırır: “Hazırda idmançılar təlim-məşq toplanışında iştirak edirlər. Qarşıda bizi mühüm beynəlxalq turnirlər gözləyir və bu səbəbdən Olimpiya çempionu və beynəlxalq ekspertlər tərəfindən tövsiyələr almaq idmançılarımızın nəticələrinə müsbət təsir göstərəcək.”.