İyunun 19-da Qax Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib. Sport24.az bildirir ki, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan imtahanda Şimal-Qərb bölgəsindən 207 cüdoçu iştirak edib.
İdmançılar yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirib. İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.
Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyalarının artmasına xidmət edir. Bu mərhələ həm də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.