Azərbaycanın cüdo üzrə Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Meksikanın Qvadalaxara şəhərində keçirilən "Qran Pri" turnirindəki parlaq çıxışdan sonra dünya reytinqində ilk "üçlüy"ə yüksəliblər. Sport24.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) yarışın yekunlarına əsasən cüdoçuların yenilənmiş dünya reytinqini açıqlayıb.

 

73 kq çəki dərəcəsində Hidayət Heydərov üç pillə irəliləyərək 4176 xalla dünya reytinqində üçüncü yerə yüksəlib. Bu kateqoriyada Şahram Axadov (Özbəkistan, 4523 xal) və Tatsuki İşiara (Yaponiya, 4500 xal) ilk iki pilləni tutur. Eyni çəki dərəcəsində Rəşid Məmmədəliyev iki pillə irəliləyərək 3917 xalla beşinci yeri tutur.

 

Digər Olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) də üç pillə irəliləyib və hazırda 5118 xalla ikinci yerdə qərarlaşıb. Reytinqin lideri 5550 xalla Beynəlxalq Cüdo Federasiyasının (IJF) təmsilçisi Matvey Kanikovskiydir.

 

60 kq çəki dərəcəsində Balabəy Ağayev dörd pillə irəliləyərək 3356 xalla altıncı yeri tutur. Eyni çəkidə Əhməd Yusifov 14 pillə irəliləyib və 2360 xalla 12-ci yerdə qərarlaşıb.

 

66 kq-da çıxış edən Ruslan Paşayev 11 pillə irəliləyərək 3171 xalla dünya reytinqində dördüncü yerə yüksəlib. 81 kq çəki dərəcəsində Zəlim Tskaev iki pillə irəliləyərək 4265 xalla üçüncü yerdə, Vüsal Qələndərli isə 812 xalla 145 pillədən çox irəliləyərək 52-ci pillədə qərarlaşıb.

 

90 kq çəki dərəcəsində Elcan Hacıyev (3651 xal) ikinci yerini qoruyub saxlayıb, Murad Fətiev (2546 xal) isə 13 pillə irəliləyərək yeddinci yeri tutur.

 

Ağır çəkililər arasında Uşangi Kokauri 3436 xalla 7 pillə irəliləyib və dünya reytinqində yeddinci pillədə qərarlaşıb.