Bu gün Bakıda cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinə start verilib.

Sport24.az xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən və üç gün davam edəcək mötəbər yarışda ümumilikdə 29 ölkədən 196 cüdoçu (129 kişi, 67 qadın) mübarizə aparır.  Azərbaycan millisi bu turnirdə 33 cüdoçu ( 25 kişi, 8 qadın) ilə təmsil olunur.

Bu gün turnirin açılış mərasimi də keçirilib. Heydər Əliyev adına İdman Sarayında təşkil olunan tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə əvvəlcə Cüdo Federasiyasının baş katibinin müavini və bu qurumun Mətbuat xidmətinin rəhbəri olmuş Elnur Əşrəfoğlunun xatirəsi anılıb. Bu məqsədlə böyük ekranda onunla bağlı videoçarx nümayiş olunub. Sonra Azərbaycanda cüdoda qazanılmış nailiyyətləri əks etdirən digər videoçarx təqdim edilib.

Tədbiri giriş sözü ilə açan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə artıq yeddinci dəfə Bakıda bu nüfuzlu yarışın keçirildiyini bildirib: "Budəfəki yarış fərqli şəraitdə keçirilir. Belə ki, turnir Zəfər Günü ərəfəsində təşkil edildiyi üçün bunun idmançıların çıxışına təsiri olacaq. Eyni zamanda bir sıra məhdudiyyətlərin hökm sürdüyü pandemiya şəraitinin də nəticələrə təsiri olacaq. Tokio Olimpiadası sübut etdi ki, tamaşaçısız da maraqlı yarış təşkil etmək olar. Olimpiadanın ən maraqlı yarışlarından biri də cüdo idi".

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev çıxış edərək Vətən müharibəsində qələbənin birinci ildönümü ərəfəsində belə bir nüfuzlu yarışın Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edib. O, Beynəlxalq Cüdo Federasiyası ilə Azərbaycan Cüdo Federasiyası arasında qarşılıqlı etimada söykənən möhkəm əlaqələrin olduğunu söyləyib: "Ölkəmizə etimadın nəticəsidir ki, ən nüfuzlu cüdo yarışlarının təşkili etibar edilir. Bu tədbirlər Azərbaycanda yüksək səviyyədə keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin böyük diqqət və qayğısı nəticəsində ölkəmizdə böyük nailiyyətlər əldə edilib".

Olimpiya çempionu Elnur Məmmədli, dünya çempionu Elxan Məmmədov, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev və bir sıra adlı-sanlı idmançıların yetişdiyini bildirən federasiya prezidenti bundan sonra da ölkəmizdə cüdonun inkişaf etdiriləcəyini bildirib.

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer əvvəlcə bütün yarış iştirakçılarını salamlayıb. O, COVID-19 problemi üzündən azarkeşlərin iştirak etmədiklərinə təəssüflənsə də, cüdonun təbliğatı baxımından bu yarışı önəmli sayıb. Vizer daha sonra yarışı açıq elan edib.

Bundan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ilk günündə 3 medal qazanıblar. Təmsilçilərimizdən Rövşən Əliyev bürünc medal görüşünə çıxıb. 60 kq-da mübarizə aparan idmançı monqolustanlı Sumiyabazar Enktaivanla qarşılaşıb. Rəqibinə cərimə xalları hesabına qalib gələn Rövşən Əliyev Azərbaycan yığmasına yarışın ilk medalını qazandırıb.

Orxan Səfərov “Böyük dəbilqə”də qızıl medala sahib olub. 66 kq-da çıxış edən idmançı finalda moldovalı Denis Vieruya ipponla qalib gələrək çempion olub.

Azərbaycanın qadın cüdoçusu İçinxorlu Muntsxedev də turnirdə final görüşünə çıxıb. 57 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda yaponiyalı Momo Tamaoki ilə qarşılaşıb. Rəqibinə ipponla uduzan Muntsxedev gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan cüdoçuları ilk yarış gününü 3 medalla başa vurublar.