22 yaşadək boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını davam etdirir.  Boks Federasiyasından Sport24.az-a verilən məlumata görə, Xorvatiyanın Poreç şəhərində keçiriləcək Avropa çempionatına Boks Mərkəzində hazırlaşan komandamızda əhval-ruhiyyə yüksək səviyyədədir. 

Millimizin heyətində öz çəki dərəcələrinin liderləri martın 13-23-də təşkil olunacaq yarışda uğurlu çıxış edəcəklərinə inanır. Çempionata yollanacaq boksçularımızdan 4-ü hazırlığını dəyərləndirib və birincilikdən Vətənə yalnız medalla qayıtmaq arzusunda olduğunu deyiblər. 

Yeniyetmə və gənc boksçular arasında 3 dəfə Azərbaycanın ən güclüsü adına yiyələnən, həmçinin dünya və Avropa birinciliklərinin mükafatçısı Nicat Hüseynov (51 kq) bildirib ki, hazırda ən yaxşı formasındadır: “Fevralın 21-dən təlim-məşq toplanışına başlamışıq. Hazırlıqlarımız yüksək səviyyədə davam edir. Hər şey qaydasındadır. Gündə 2 dəfə məşq edirik. Səhər fiziki, günün ikinci yarısında taktiki hazırlıq keçir və sınaq döyüşlərində gücümüzü yoxlayırıq. Hazırda yaxşı formadayam, özümü də yaxşı hiss edirəm. İnşallah, bunu Xorvatiyada rinqdə də göstərəcəyəm. Düzdür, ayağımda bir az “ağırlıq” var. Amma gərgin məşqlər sayəsində yarışadək onu da aradan qaldıracağam. Rəqiblərimə gəlincə, bir türkiyəli boksçunu tanıyıram. Avropa birinciliyində onunla qarşılaşmışam. Amma çempion olmaq istəyirəmsə, mənim üçün rəqiblərin kimliyinin fərqi yoxdur. Poreçə qalib gəlmək üçün gedəcəyəm”.

Bütün yaş qruplarında ümumilikdə 6 dəfə Azərbaycan çempion çempionu titulunu qazanan Maqsud Xasmetov uğurunu beynəlxalq arenada davam etdirmək zamanının yetişdiyi qənaətindədir. Avropa çempionatında 57 kq çəki dərəcəsində rinqə çıxacaq boksçunun sözlərinə görə, səfərə yollananadək tam formasını yığacaq: “Artıq 3 ildir böyük yaş qrupunda döyüşürəm. Bunun da yarışda köməyimə gələcəyinə inanıram. Bizim üçün hər şərait yaradılıb, hazırlıq yaxşı gedir. Fikrimcə, Avropa çempionatında uğurlu çıxışla özümü sübut edəcəyəm. Məşqçinin köməyi sayəsində hər rəqibə qarşı xüsusi taktika ilə mübarizə aparacam. Boyu balaca olanla “2 nömrə”, uzaq məsafədə işləmək, uzunboylu rəqiblə yaxın məsafədə döyüşə üstünlük verəcəm. Yarışa kimi tam hazır olacağam. Faizlə götürsəm, bu gün formamı 80 faiz bərpa etmişəm. Lakin yarışa kimi hər şey qaydasında olacaq. Avropa çempionatında məni yalnız qızıl medal məni qane edəcək. Başqa mükafat barədə belə düşünmürəm”.

Yığmamızın digər üzvü Nəbi İsgəndərov (67 kq) da yarışa iddialı yollanacağını açıqlayıb. Yeniyetmələr arasında 2, gənclərdə və böyüklərdə 1 dəfə ölkə çempionu olan Gəncə boksunun yetirməsi Avropa çempionatında üçrəngli bayrağımızı yüksəklərə qaldıracağına əmin olduğunu deyib: “Avropa birinciliklərində təcrübəm var. Aşağı yaş qruplarında qitə çempionatlarında döyüşmüşəm. Hazırlığımız istədiyimiz kimi gedir. Səhər və axşam məşqlərimizi edir, çəkimizi qaydasına salırıq. Artıq yarışa yollanmağı gözləyirik. Səhvlərimiz üzərində işləmişik, hər şey qaydasındadır. Ümid edirəm ki, medalımızı da gətirərik. Mənim üçün rəqibin fərqi yoxdur. Hər şey yaxşıdır. Uşaqların da üzü gülür. Hamının əhval-ruhiyyəsi yaxşıdır və bunun da bəhrəsini Xorvatiyada görəcəyimizə inanıram”. 

Komandamızın heyətində böyük perspektiv vəd edən Mirşərif Kazımzadə (75 kq) isə Avropa çempionatında gərgin mübarizənin gedəcəyini gizlətməyib. Buna baxmayaraq, o, çəkisində sözünü deyəcəyinə inanır. Müəyyən müddətdir böyüklərin yarışında çıxış edən Kazımzadə istənilən ölkənin liderindən çəkinmədiyini vurğulayıb: “2 il öncə böyüklər arasında keçirilən ölkə çempionatında finalçı, son analoji yarışda çempion oldum. Finaldakı məğlubiyyəti əvəzini rəqibimdən 2 dəfə çıxmışam. Revanş almaq üçün daim üzərimdə işləyirəm. Hazırda yaxşı formadayam. Yarışda məqsədim ancaq qızıl medal qazanmaqdır. Ötən il dünya çempionatında, ardınca Serbiyada beynəlxalq turnirdə iştirak etmişəm. Rəqibin fərqi yoxdur. Məqsədim Azərbaycan himnini səsləndirib, bayrağımızı yüksəklərə qaldırmaqdır. İnanıram ki, qazanacağım uğur növbəti yarışlarda da təkrarlanacaq”. 

Qeyd edək ki, Avropa çempionatında 7 boksçu ilə təmsil olunacaq yığmamız səfərə martın 11-də yollanacaq.