"Kəpəz"lə "Qəbələ" bunadək son dəfə keçən çempionatın son turunda görüşmüşdü ki, bu, önəmli matç idi. Çünki Elmar Baxşıyevin komandasının onda Avropa taleyi həll olunurdu. Belə ki, Qəbələdəki matçda meydan sahibləri uduzmasaydı, "Zirə" ilə 4-cü yer uğrunda qalib olaraq Konfrans Liqasına vəsiqəni rəsmiləşdirmiş olacaqdı. "Qırmızı-qaralar" 1:1 hesablı heç-heçəylə istəyinə çatdı. 

Bu, eyni zamanda "Kəpəz"i Premyer Liqaya qayıdandan sonra orda saxlayan baş məşqçi Tərlan Əhmədovun sonuncu matçı kimi tarixə düşdü. Belə ki, Gəncə klubu bu təcrübəli mütəxəssislə başa çatan müqaviləi uzatmayaraq "sükan"ını gəncəli mütəxəssis, tarixində ən yaxşı futbolçulardan olmuş Azər Məmmədova tapşırdı. Millimizdə Şahin Diniyevin baş məşqçiliyi dövründə komanda yoldaşı olmuş Baxşıyevlə Məmmədov ilk dəfə baş məşqçi kimi duelə çıxırdılar.

"Kəpəz"in çalışdırıcısının heyətlə bağlı əsas qayğısı Olavale Onanquna zədə üzündən uzun müddət sıradan çıxması idi. Məmmədovun nigeriyalının mövqeyində şans verdiyi gənc futbolçu, U-21 yığmamızın üzvü Mahir Həsənovun ilk 45 göstərdiyi oyun isə sadəcə, bərbad idi. Çoxlu top itkisnə yol verən, ləng olan dayaq yarımmüdafiəçisi sanki Premyer Liqada ilk matçına çıxırdı. Sonra da deyirik ki, gənc yerli futbolçulara niyə şans verilmir...

Meydan sahiblərində digər zəif bənd isə təcrübəli Elnur Cəfərov idi ki, onun da fasilədəyək əvəzləməsini yerli azarkeşlər tələb edirdi. Amma bu, yalnız 80-ci dəqiqədə - 5-ci əvəzetməylə reallaşdı. Həmin vaxtadək "Qəbələ" qələbə topunu vurarkən Elnur cinahdakı rəqibiylə mübarizə aparmayıb yalnız seyrçi mövqeyində oldu.

"Kəpəz" doğma meydanda, doğma azarkeşlərinin güclü dəstəyi altında meydanda dominantlıq etməsi gözlənilirdi. Üstəlik də rəqib tarixinin əz zəif startını edən "Qəbələ" idi. Amma "sarı-göylər"in öz oyunu o qədər zəif təsir bağışlayırdı ki, yerli fanatlar hələ ilk hissədən narazılıqlarını kəskin formada bildirməyə başladılar. "Qəbələ" orta sahədə rəqibini aşkar üstələyirdi, yarımmüdafiəni cinahları daha işlək idi. "Kəpəz" keçən mövsümdə aparıcı futbolçularından olmuş gürcü cinah xavbeki Mate Kvirkviyanın da oyununda aşkar geriləmə müşahidə olunur. Onun həmyerlisi Georgi Papunaşvili də həmin günü oyunu heç alınmadı ki, bu da növbədə hazır olmaması ilə bağlıdı. Gəncəli azarkeşlərin gözlədiyi, istəyi o "partlayış" yalnız Abdullayi Şuaybu idi. Nigeriyalı bəstəboy hücumçunun ilk hissədə güclü zərbəsi dirəyin lap yanından keçdi ki, "çərçivə"yə düşsəydi, qol olması real idi. 

"Qəbələ"də isə Omar Hani - Bilal Auşeriya-Əyyub Allaş-Osama Xalayla kvarteti hücumda fəal olaraq, gənc sahiblərinə xeyli başğarısı yaratdı. Allaş ilk dəqiqələrdə müdafiəçi komanda yoldaşı Rauf Hüseynlinin sağ cinahdan ötürməsinə ayağını düzgün qoya bilsəydi, hesab açılacaqdı. Təbii ki, gəncəliləri əsas diqqəti sabiq "Kəpəz"li Ahmed Ayzaya yönəlmişdi. Nigeriyalı mərkəz yarımmüdafiəçisi keçmiş komandasına ciddi təhlükə olmadı, əsas üstün cəhətlərindən olan güclü zərbələrinə 90 dəqiqədə rast gəlmədik. Gəncəli fanatlar isə Ayzayanı xoş qarşılamadılar, sonda yerdə uzun müddət qalarkən və ayaq üstə durub əvəzlənərkən etirazlarını çatdırdılar. 

"Qəbələ"yə vacib 3 xalı qazandıran qolu ikinci hissə yeni başlamışdı ki, vurdu. 52-ci dəqiqədə Allaşın künc zərbəsindən sonra komanda yoldaşları başlarını işlətdilər - hava mübarizəsində qalib ayrılan Osama başla topu uzaq dirəyə tərəf yönəltdi, Bilal da başla onu tora göndərdi. Bundan sonra "Kəpəz" daha çox hücumda olmalı olsa da, real təhlükəli vəziyyətlər öz qapısı qarşısında yaranırdı. Əks-hücumlarda oynayan "Qəbələ"nin bəxti onda gətirdi ki, 1:0 hesabı sonadək dəyişməz qaldı. Çünki 1:1 olsaydı, 2-ci qolu vurmaq üçün əldən buraxdığı çoxsaylı qol imkalarının acısını çəkəcəkdi. 

"Qəbələ"nin qapısı önündə gərginlik isə baş hakim Rauf Cabarovun əlavə etdiyi 5 dəqiqə ərzində yarandı. Əvvəlcə Şuaybu üzbəüz qaldığı rəqib qapıçı Rəşad Əzizliylə dueldən qalib ayrıla bilmədi. Ardından isə künc zərbəsi zamanı sonradan meydana çıxan Cavad Kərimov az qalan başla yenə fərqlənəcəkdi. Amma gəncəli gənc hücumçu "Qarabağ"la matçdan fərqli bu dəfə topu tora göndərərək komadasına 1 xal qazandıra bilmədi.

"Qəbələ"də ardıcıl 2-ci matçı keçirən yay transferi Zurab Oçiqavanı yenə yaxşı təsir bağışladığını vurğulayaq. Sol cinah müdafiəçisi kimi hücuma yaxşı qoşulan gürcü əsilli ukraynalı müdafiəçi təhlükəli ötürmələr verir, güclü zərbələrə də malikdi. İndidən görünür ki, kapitan Ürfan Abbasov sağalıb qayıdandan sonra bu cinahda güclü rəqabət olacaq. Həm də unutmayaq ki, Oçiqava stopper kimi də oynayır. Matçdan sonra Zuraba yaxınlaşaraq müsahibə götürmək istəsəm də, bunu verməyəcəyini görə üzrxahlıq etdi. Səbəb kimi göstərdi mövsümün startında və finişində danışır, əvvəlki klubu "Sabah"da da belə edib. Dediyinə görə, gedişatda danışanda oyunu elə də yaxşı alınmır. Görünür, futbolçu "fart"a inanır. Hərçənd, belə olmadığını söylədi. 

Belə görünür ki, 1959-cu istifadəyə verilən Gəncə şəhər stadionunda bu, son matç olacaq. Çünki arenanın yaxın vaxtlarda sökülərək yerində yenisinin inşa olunacağı gözlənilir. Belə olsa, "Kəpəz"in doğma stadionu vidalaşması heç də yaxşı alınmadı - evdə ardıcıl 4-cü məğlubiyyət, son pilləyə düşmək, azarkeşlərin durmadan "istefa" şüarları, doğma komandalarına qəzəbi və fitə basması, onların acığına qonaq komandanı alqışlamaları...

 

 

 MEHMAN SÜLEYMANOV