Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sabah son oyununu keçirəcək. Hazırda ikinci pillədə qərarlaşan Canni de Byazinin yetirmələri qrup birinciliyini təmin edən Qazaxıstanı qəbul edəcək.

Bu qarşılaşmanı dəyərləndirmək üçün 2007-ci ildə Qazaxıstanla səfər matçında yığmamızın formasını geyinmiş sabiq müdafiəçi Zaur Həşimovla söhbətləşmək qərarına gəldik. Hazırda “Zirə” klubunda akademiyanın koordinatoru vəzifəsində çalışan 41 yaşlı mütəxəssis Sport24.az-a müsahibəsində yığmanın qrupdakı çıxışına da münasibət bildirdi.

- Yığmamız iki gün əvvəl Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Slovakiya üzərində səfər qələbəsi (2:1) qazandı. Bu nəticə sizin üçün gözlənilməz olmadı?

- Millimiz Trnavadakı matçda yaxşı təsir bağışladı, oyun çox xoşuma gəldi. Canni de Byazi baş məşqçi olduğu müddətdə, bəlkə də, ilk dəfə ən optimal heyəti oynatdı.

- Ola bilərmi ki, oyundan əvvəl Qazaxıstanın Belarusu məğlub edərək qrup birinciliyini təmin etməsi slovakiyalıların çıxışına mənfi təsir etdi?

- Düzü, buna inanmıram. Çünki dünyanın istənilən ölkəsində milliyə gələn hər bir futbolçu bunun məsuliyyətini dərk edir. Oyunçular hətta yoldaşlıq görüşündə də maksimum güclərini ortaya qoyurlar. Bundan başqa, Slovakiya neçə oyun idi ki, öz meydanında qələbə qazana bilmirdi, işləri yaxşı getmirdi. Özlərini sübut etmək baxımından Azərbaycanla görüş onlar üçün şans idi. Çünki azarkeşləri komandadan inciyiblər, oyunlara gəlmirlər. Üstəlik, yeni baş məşqçinin də debüt matçı idi. Bu mənada psixoloji gərginlikdən çıxmaq üçün Azərbaycanla qarşılaşmaya ciddi hazırlaşmışdılar. Qələbə qazanaraq azarkeşlərini tribunalara qaytarmaq istəyirdilər. Bu üzdən hansısa boşluqdan söhbət gedə bilməz.

- Yığmamız əvvəllər adətən son dəqiqələrdə qollar buraxaraq uduzardısa, Slovakiya səfərində bunun əksi baş verdi. Bunu nə ilə əlaqələndirmək olar?

- İlk səbəb kimi optimal heyətin meydana çıxmasını göstərərdim. Həmçinin sonradan meydana daxil olan futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. Aleksey İsayev penaltiyə səbəb olsa da, qolun məhsuldar ötürməsini verdi. Elvin Camalov, Amin Seydiyev və Musa Qurbanlı da əvəzetmədən oyuna qoşularaq, komandanın gücünə güc qatdılar. Nəzərə alaq ki, heyətdəki futbolçuların çoxu “Qarabağ”ın üzvləridir. Onlardakı qalib psixologiyasının da təsiri var idi. “Qarabağ”ın oyunçuları üçün evdə və ya səfərdə oynamağın, rəqibin güclü və ya zəif olmasının fərqi yoxdur. Buna görə də son dəqiqələrdə qol buraxmağımıza baxmayaraq, komanda ruhdan düşmədi, əksinə qol da vurdu. Bir sözlə, millimizin çıxışı çox xoşuma gəldi.

- Qrupdakı son oyun sabah Bakıda Qazaxıstana qarşı olacaq. Bu matçdan nə gözləyirsiniz?

- Bu artıq imic oyunu olacaq. Futbolçular millidəki oyunlarını yaxşılaşdırmağa çalışacaqlar. Çünki qrupda hər şey bəllidir. Mənə elə gəlir ki, yaxşı mübarizə olacaq. Futbolçular öz imiclərini qorumağa çalışacaqlar. Birmənalı şəkildə deyə bilərəm  ki, yığmamız Qazaxıstandan zəif deyil. Qarşıdakı oyunda da bunu sübut eləmək lazımdı.

- Yığmamızın hədəfi qrup birinciliyi olsa da, Qazaxıstan vaxtından əvvəl bunu təmin etdi. Hədəfə çata bilməyimizə nə mane oldu?

- Hədəfə çatmamağı sırf baş məşqçi de Byazi ilə əlaqələndirirəm. Çünki hazırkı millimiz çox yaxşı oyunçulardan qurulub və Qazaxıstandan heç də zəif deyil. Onların çoxu “Qarabağ”ın heyətində mütəmadi avrokubokların qrup mərhələsində çıxış edir. Həmçinin “Sabah”ın üzvləri də indi pik formadadırlar. Uğurlu nəticənin olmamasında birbaşa günahkar baş məşqçidi. Hər oyunda eksperiment apardı, heç cür optimal heyəti formalaşdıra bilmədi. Sistemdə tez-tez dəyişikliklər etdi, gah 3-5-2, gah 5-4-1 oynatdı. Bütün bunlar hədəfə çatmağa mane oldu. Halbuki son illərin ən yaxşı futbolçu heyətinə sahibik.

- AVRO-2008-in seçmə mərhələsində 1:1 hesabı ilə nəticələnən Qazaxıstan – Azərbaycan matçının iştirakçısı olmusunuz. Qazaxıstan yığması indi qrup birincisi olursa, belə çıxır ki, onların futbolu bizdən daha irəlidədir?

- Məncə, burda çempionat faktoru rol oynayır. Qazaxıstan çempionatı bizim Premyer Liqadan üstündür. Bizdə də “Qarabağ” və “Neftçi” kimi iddialı klublar var, son dövrlər “Sabah” özünü yaxşı tərəfdən göstərir. Amma onların bir neçə belə klubu var ki, yaxşı legionerlərə sahibdir. Dövlət səviyyəsində də futbola böyük pullar yatırırlar. Qazaxıstan yığmasının uğurlu nəticə qazanması da bunun nəticəsidir.

- Canni de Byazinin AFFA ilə müqaviləsi artıq başa çatmaq üzrədir. Sizcə, bundan sonra hansı addım atılmalıdır?

- Həmişə millidə yerli mütəxəssisin çalışmasının tərəfdarı olmuşam. Bu işin öhdəsindən gələcək mütəxəssislərimiz də var. Amma de Byazini saxlasalar, mənim üçün təəccüblü olmayacaq. DÇ-2022-nin seçmə mərhələsində 1 xal topladığımız zaman da hamı onun yola salınacağını gözləyirdi. Həmin vaxt de Byazini postunda saxladılarsa, müqaviləsini növbəti dəfə uzatsa, sürpriz olmaz. düşüncəm belədir ki, millidə yerli mütəxəssis işləməlidir.

 

 

KAMAL RZA