Vüqar Nadirov uzun illər çıxış etdiyi milli komandamızın Millətlər Liqasının 2022/23 mövsümündəki çıxışını dəyərləndirib. 35 yaşlı keçmiş hücumçu Sport24.az-a müsahibəsində millimizin qrup 2-cisi olmasına münasibət bildirib. Nadirov eyni zamanda baş məşqçi məsələsi ilə bağlı da fikirlərini bölüşüb.

- Yığmanın Millətlər Liqasında Slovakiya (2:1) və Qazaxıstan (3:0) üzərində qələbə qazandığı oyunlar komandamızın tam gücünü əks etdirdi, yoxsa rəqiblərdən asılı olaraq belə vəziyyət yarandı?

- Yığmamız bu matçları həqiqətən də yaxşı keçirdi. Yenə də qrupda birinci yeri tutmağa şans var idi. Qrupdakı ilk oyunları da son iki görüşdəki kimi keçirsəydik, məncə, birinci yeri tutardıq. Futbolda bütün matçları stabil, eyni qaydada keçirə bilmirsən. Amma millimiz qrupa bu cür oyunla başlasaydı, Qazaxıstanı da qabaqlaya bilərdi.

- Slovakiya formadan uzaq düşdüyü bir vaxtda yaranan şansdan niyə Azərbaycan yox, Qazaxıstan yararlandı?

- Razıyam ki, Qazaxıstan bu fürsəti yaxşı dəyərləndirdi. Onlar qrup mərhələsinə uğurlu başlanğıc etdilər. Elə ilk turlardan ardıcıl xallar toplayaraq birinci yeri təmin elədilər. Yığmamız Slovakiya ilə ev oyununu yaxşı keçirsəydi, qələbə qazanmaq olardı. Belə olsaydı, Qazaxıstanla Bakıdakı görüşə final kimi çıxacaqdıq.

- İlk üç oyundakı uğursuzluğa səbəb kimi nəyi göstərmək olar?

- Səbəb o idi ki, baş məşqçi komandanı tam tanımırdı. İstənilən çalışdırıcıya da vaxt vermək lazımdı. Hər bir məşqçi öz sistemini tətbiq etmək istəyir. Bunu da futbolçulara aşılamaq vaxt aparır.

- Canni de Byazi iki ildir ki, millini çalışdırır. Bu müddət tanımaq üçün kifayət etmədi?

- İki il ərzində böyük nəticə vermək çətindi. Bura milli komandadı, hərə bir tərəfdən gəlir. De Byazi tanışlıq prosesindən keçirdi. Yanındakı köməkçilər ona dəstək olmalı idi. Klubların bütün oyunlarına baxmaq vacib idi. Matçları izləyib-izləmədiklərini bilmirəm. Əlbəttə, Millətlər Liqasında daha yaxşı nəticə qazana bilərdik.

- Ən çox müzakirə olunan mövzulardan biri Qara Qarayevin milliyə çağırılmaması idi. bu məsələdə mövqeyin necədi?

- Hər məşqçinin öz fikri var. Bəzən mən də formada olduğum halda milliyə çağırılmamışam. Düzü, Qaranın yığmadan kənarda qalmasının səbəbini bilmirəm. De Byazi bildirib ki, Qara niyə çağırılmadığını bilir. Deməli, nəsə səbəb var. Bunu açılamalıdırlar ki, hamı da bilsin, rahatlasın.

- Bir versiya belədir ki, Qara baş məşqçiyə əsas heyətdə oynamaq şərti qoyub. Futbolçu özü isə açıqlamasında dedi ki, de Byazi boyu qısa olduğu üçün ona dəvət göndərməyib...

- Dəqiq səbəbi heç birimiz bilmirik. Millidən cavabdeh olan şəxs baş məşqçidi, son qərarı da o verir. Komanda qələbə qazananda futbolçu qəhrəman sayılır, amma uduzanda baş məşqçi sorğu-suala tutulur. Qara iyunda keçirilən qrupun ilk 4 oyununun heç birində start heyətinə düşmədi. Eşitdiyimə görə, həmin vaxt millinin düşərgəsini tərk eləmək istəyib, digər futbolçular onu saxlayıb. O ki qaldı boy məsələsinə, düzdür, Qara yaxşı forma yığmışdı, Avropa Liqasında da uğurlu çıxış eləmişdi. Amma hər məşqçinin öz üslubu var. Berti Foqts da vaxtilə yığmamızda uzun müdafiəçilərə üstünlük verirdi. Hazırda isə millinin orta sahəsində Riçard Almeyda və Emin Mahmudov elə də hündürboylu deyil. Yalnız Eddi İsrafilovun boyu uzundu. Baş məşqçidir, buna üstünlük verə bilər.

- Canni de Byazinin müqaviləsi başa çatır. Necə düşünürsünüz, italiyalı postunda qalmalıdır, yoxsa yeni baş məşqçiyə ehtiyac duyulur?

- Məncə, de Byazi yığmada qalmalıdı. Yeni baş məşqçi gəlsə, o da sistemi dəyişəcək, hər şey yenidən sıfırdan başlayacaq. Onun da heyəti formalaşdırmasını gözləmək lazım gələcək. Bundansa de Byazi qalıb işləsin. Hər dəfə məşqçi dəyişmək heç də uğur gətirmir.

- Yəni de Byazinin növbəti tsikldə daha uğurlu olacağına inanırsınız?

- Bunu baş məşqçinin özündən soruşmaq lazımdı. Yəqin ki, uğurlu olar. Çünki iki ildir buradadı, futbolçuların xasiyyətinə tam bələddi, kimin necə hazırlaşdığını görür. Qalıb-qalmayacağına AFFA qərar verəcək.

- Yerli məşqçilərdən bu işi görməyə layiq biri yoxdur?

- Yerli məşqçilərimiz var. Amma yerliyə o qədər vaxt verməyəcəklər. Təyinatından 6-7 ay sonra görsələr ki, komanda uğur qazanmır, onunla dərhal sağollaşacaqlar.

 

 

KAMAL RZA