Kabo-Verde milli komandasının təcrübəli qapıçısı Vozinya DÇ-2026-dakı çıxışından sonra qazandığı populyarlığa dözməkdə çətinlik çəkdiyini etiraf edib. Sport24.az xəbər verir ki, "The Observer" nəşrinə danışan qolkiper üzərinə düşən diqqətin şəxsi həyatına ciddi təsir etdiyini bildirib:
"Sakitliyimi tamamilə itirmişəm. Artıq şəxsi həyatım qalmayıb. Küçəyə çıxanda və ya restorana gedəndə mütləq kimsə yaxınlaşıb foto çəkdirməyimi və ya avtoqraf verməyimi istəyir. Ən pis hal insanların gizlincə məni videoya çəkməsidir. Səmimi deyirəm, əgər indiki vəziyyətlə əvvəlki dövr arasında seçim etmək şansım olsaydı, tərəddüdsüz keçmiş həyatımı seçərdim".
Vozinya DÇ-2026-nın qrup mərhələsinin ilk turunda turnirin gələcək çempionu İspaniya ilə oyunda (0:0) 7 inanılmaz seyvə imza ataraq matçın ən yaxşı oyunçusu seçilmişdi. H qrupunda ikinci yeri tutaraq 1/8 finala yüksələn Kabo-Verde millisi pley-offun ilk mərhələsində əlavə vaxtda Argentinaya 2:3 hesabı ilə uduzmuşdu.
Turnir ərzində göstərdiyi oyunla azarkeşlərin rəğbətini qazanan Vozinya azarkeşlərin versiyasına görə DÇ-nin simvolik yığmasına seçilib. Turnir günlərində onun sosial şəbəkələrdəki izləyici sayı 28 milyonu keçərək dünya qapıçıları arasında mütləq rekorda çevrilib.
Mundialdan sonra 40 yaşlı qolkiper Çilinin köklü klublarından "Kolo-Kolo" ilə rəsmi müqavilə imzalayıb.