Məlumdu ki, "Keşlə" növbəti mövsümdən etibarən "Şamaxı" adı altında eyniadlı şəhəri təmsil edəcək və ev oyunlarını orda keçirəcək. "CBC Sport"un əməkdaşları artıq indidən yeni stadionda daha keyfiyyətli yayımın təşkili üçün mövcud şəraitlə yerində tanış olublar. Belə ki, telekanalın baş direktoru Volkan Üst, eləcə də texniki və yaradıcı heyət bu məqsədlə Şamaxı şəhər stadionuna baş çəkiblər. Texniki heyət stadionun əməkdaşları ilə söhbət edərək müəyyən qeydlər götürüblər.
Üstlə əlaqə saxlayaraq səfər təəssüratlarını öyrəndik. Baş direktor Sport24.az-a açıqlamasında öncə yeni arena ilə bağlı fikirlərini söyləyib: "Yeni tikilmiş çox xoş stadiondu - kiçik, kompakt. Məncə, tam şəhərə uyğundu və şamaxılılara xoş olmuşdu. Xüsusən şəhərin içində olması çox xoşuma gəldi. Rahat şəkildə daxil olaraq matç seyr ediləcək bir arenadı. Belə anladım ki, yayda dolu tribunalar olacaq. İnfrastrukturu çox yaxşıdı, hər şey düşünülmüş, qaydasındadı. Heç bir problem görmədim. Yaxşı təəssüratlarla ayrıldıq ordan".
Təbii ki, "CBC Sport"a stadionda texniki imkanların yaxşı olması daha vacibdi. Həmsöhbətimiz bu sarıdan da gördüklərindən razı qalıb: "Bu baxımdan da komfort var. O kiçik stadionda Skybox gördüm. Özü də sayı 1 yox, 3-4-dü. Bizə çəkiliş üçün şərait var, platformalar və s. hazırlanmışdı. O anlamda da bizim üçün yararlılıq vardı. Ümumilikdə heç bir problem görmədim".
Bilindiyi kimi, "Qəbələ"nin arenası olan Qəbələ şəhər stadionunda çəkilişlə bağlı sonradan dəyişiklik olmuşdu ki, bu da tamaşaçı tutumu çox olan tribunanın ekranda görünməsi ilə bağlıdı. Şamaxı şəhər stadionunda isə tribuna təkdi. Telekanal rəhbəri qarşı tərəfə bir kamera qoyacaqlarını diqqətimizə çatdırıb: "Bunu edəcəyik ki, tribuna görünsün. Çünki əks təqdirdə bu, mümkün olmayacaq. Yəni, çəkiliş tam Qəbələdəki kimi olacaq - kamera tribunanın əks tərəfində. Qəbələdə tribunalar üç tərəfdədirsə, Şamaxıda tək bir yerdədi. Amma stadionun yeri, ab-hası çox gözəldi".
MEHMAN SÜLEYMANOV