"Vilyarreal" Bakı Kampı çərçivəsində yerli məşqçilər üçün UEFA Pro lisenziyalı məşqçi və beynəlxalq futbol eksperti Xordi Qratakos tərəfindən xüsusi seminar təşkil olundu. Sport24.az xəbər verir ki, seminardan əvvəl Bakı Futbol Federasiyasının rəhbəri Tahir Süleymanov çıxış edərək "Vilyarreal" Bakı Kampının ölkə futbolu üçün əhəmiyyətindən danışdı və futbolun inkişafı naminə bu kimi beynəlxalq layihələrin davamlı şəkildə keçirilməsinin vacibliyini vurğuladı.

 

Çıxışın ardından Xordi Qratakos tərəfindən Tahir Süleymanova "Vilyarreal" forması xatirə olaraq təqdim edildi. Tədbirin sonunda isə iştirakçılarla birlikdə xatirə fotosu çəkdirildi.

 

Daha sonra QOLAT Sport Service-in təsisçisi və direktoru Səid Bağırov çıxış edərək "Vilyarreal" Bakı Kampının məqsədləri, layihə çərçivəsində görüləcək işlər və bu cür təşəbbüslərin yerli futbolun inkişafına verə biləcəyi töhfələr haqqında məlumat verdi. Çıxış zamanı layihənin reallaşmasında göstərdikləri dəstəyə görə Bakı Futbol Federasiyasına və AFFA-ya təşəkkür ifadə edildi.

 

Seminarın əsas mövzusu isə "Oyunun təməl prinsiplərinin yaradılması, öz futbol ideyanızın formalaşdırılması və futbolçunun maksimum potensialına çatdırılması"oldu.

 

Xordi Qratakos seminar zamanı məşqçilərlə müasir futbolun əsas prinsipləri, oyun modeli və futbol fəlsəfəsinin qurulması, futbolçuların inkişafının planlaşdırılması və məşq prosesində effektiv metodologiyaların tətbiqi barədə bilik və praktiki yanaşmalarını bölüşdü.

 

Bu seminar yalnız məşqçilər üçün təlim deyil, eyni zamanda yerli futbol mühitinin beynəlxalq təcrübə ilə daha da zənginləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biri oldu.