"Qərb derbisində "Turan Tovuz"un yorğunluğu hiss olunurdu. Bu sözləri Sport24.az-a açıqlamasında Vidadi Rzayev deyib.
Veteran futbolçu Misli Premyer Liqasının 24-cü turunda keçirilmiş qarşılaşma haqqında danışıb:
"Elə matçlar olur ki, rəqibə ciddi yanaşmırsan və bunun cəzasını çəkirsən. "Kəpəz"in bir xalına kölgə salmaq istəmirəm. Heç-heçəni haqq edirdilər. Çempionatımızdan baş aça bilmirəm. Elə komanda var ki, özündən zəifə məğlub olur, güclü rəqibə qalib gəlir. Mövsüm doğrudanda gərgin keçir".
Rzayev Gəncə təmsilçisinin rəhbərliyindəki şəxləri sərt tənqid edib:
"Kəpəz" son zamanlarda yüksəlikdədir. Amma Gəncəni təmsil edən klub elitada qalmaq uğrunda mübarizə aparmalı deyil. Ayxan Abbasovun dediyi kimi bəzi klublarda rəhbər dəyişikliyi olmalıdır. Deməlidilər ki, bəlkə günah bizdədir? "Neftçi" tariximizdir. Son dəfə Samir Abbasovun rəhbərliyi altında çempion olublar. Görün üstündən neçə il keçib?! Hələ avrokubokların liqa mərhələsinə belə düşə bilməyiblər. Nə lazımdır? Baş məşqçilər gedir, rəhbərlik yox. Eyni ilə "Kəpəz"dəki kimi. Fərman Əlizadə gəlib, komandanı idarə edir. Futboldan anlayışı yoxdur. Bu mövsümə hazırlaşanda Azər Bağırovla razılaşa bilmədilər, Adil Şükürov gəldi, yeni tranferlər etdilər. Yenidən Adil getdi, Azər gəldi. Çempionatı bu heyətlə davam edir. Bu nə dərəcədə məntiqlidir? Ona görə də rəhbərlik getməlidir".
Qeyd edək ki, hazırda aktivində 18 xal olan Gəncə təmsilçisi turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.