"Futbolumuz illərdi bataqlıqdadı. Əvvəlki AFFA rəhbərliyi futbolumuzu bataqlıqdan çıxarmaq üçün nəsə etmədi. Əksinə səriştəsiz idarəetmə nəticəsində tənəzzül bir qədər də dərinləşdi. Dünən yeni prezident seçildi, İcraiyyə Komitəsində dəyişiklik oldu. Onlara inanmaq istəyirəm. Qısa zaman ərzində onların nəyisə düzəldəcəyi çətindi. Çünki Azərbaycan futbolunda ciddi problemlər var və onların həlli yolu üçün vaxt lazımdı. Qarşıda görüləcək işlər çoxdu.Onlara uğurlar arzu edirəm". Bu sözləri Sport24.az-a açıqlamasında Vidadi Rzayev deyib.

Veteran futbolçu saytımıza açıqlamasında ölkənin əsas komandasının "sükanı arxasında" yerli məşqçini görmək istədiyini də vurğulayıb: "Həmişə demişəm, yenə təkrar edirəm. Yerli məşqçilərimizə dəyər verilməli, irəli çəkilməlidi. Kifayət qədər PRO kateqoriyalı savadlı mütəxəssislərimiz var. Millimizdə çalışmağa və fayda verməyə yaxşı məşqçilərimiz var. Əsas yığma qalsın kənara, aşağı yaş qruplarına baxaq. Sonuncu dəfə nə vaxt elit raunda vəsiqə qazanmışıq? 7-8 il əvvəl. Hər kəs saymağı yaxşı bacarır. Gəlin, bu vaxta kimi yığmamızın "sükanı arxasında" olmuş əcnəbi məşqçiləri sayaq, onlar bizə nə fayda verdilər? Əksinə yaxşı pul qazandılar və CV-ni zənginləşdirib getdilər. Millimizdə ancaq yerli məşqçi olmalıdı. Əgər yeni AFFA rəhbərliyi də legioner baş məşqçiyə ehtiyac duyacaqsa, onları da tənqid edəcəm".

Rzayev  "yeni rəhbərlik AFFA-da sizə iş təklif etsə qəbul edərsiz" sualını da cavablandırıb: "Mənə AFFA-nın strukturunda hansısa vəzifə təklif olunsa belə işləmərəm. Çünki mənim işim məşqçilikdi. Karyeramı bitirəndən sonra məşqçi kimi çalışacağımı bildirmişəm. Amma bu o demək deyil ki, başqa veteran futbolçularımız AFFA-da çalışmamalıdı.Fikrimcə, futbol sahəsində savadlı veteran həmkarlarıma yer verilməlidi. Nə qədər orda futbolu bilən mütəxəssislərimizin sayı çox olsa, bir o qədər yaxşı olar".

ABDULLA İSMAYILOĞLU