Ukraynanın tanınmış mütəxəssisi Yuri Vernidub yenidən məşqçiliyə qayıda bilər. Sport24.az xəbər verir ki, lakin təcrübəli çalışdırıcı son günlərdə Avropadan aldığı bir neçə təklifi geri çevirib.

Bu barədə jurnalist Mixaylo Spivakovski TaToTake verilişində məlumat verib.

Onun sözlərinə görə, Vernidubla ən ciddi danışıqlar Bolqarıstanın "Ludoqorets" klubu aparılıb. Tərəflər son 10 gün ərzində fəal təmasda olsalar da, müqavilə baş tutmayıb. Məsələnin əsas səbəblərindən biri məşqçinin prinsipial mövqeyidir – o, xüsusi icazə almadan ölkədən çıxmaq istəmir və 2026-cı il yanvarın 22-də 60 yaşı tamam olanadək xaricdə çalışmağı düşünmür. Buna baxmayaraq, "Ludoqorets"in onu yanvarın sonunadək gözləməyə hazır olduğu bildirilir.

Spivakovskinin sözlərinə görə, Vernidubun prioriteti yenə də xarici klublardır. Ukrayna Premyer Liqasında hazırda boş post olmadığı üçün əsas diqqət məhz ölkə xaricindəki təkliflərə yönəlib. Jurnalist xüsusilə bir variantın önə çıxdığını vurğulayıb – Azərbaycanın "Neftçi" klubu.

2021-ci ildə də bakılılar Vernidubla maraqlanmışdı. Spivakovski hazırda komandanın Premyer Liqada səkkizinci yerdə qərarlaşmasını klubun adına və tarixinə yaraşmayan nəticə kimi qiymətləndirib və "Neftçi"nin yeni məşqçi axtarışında olması fonunda bu variantın yenidən aktuallaşa biləcəyini istisna etməyib.

Jurnalist əlavə edib ki, çalışdırıcıya Macarıstandan da təklif gəlib, lakin o, siyasi-sosial səbəblərə görə həmin variantı da rədd edib.