"Bir neçə il əvvəl Avropa Liqasının qrupuna yüksəlməklə bizi sevindirən "Neftçi"dən bu dəfə də qitəmiqyaslı turnirdə uğurlu çıxış gözləyirik". Bu sözləri Sport24.az-a açıqlamasında Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

O, bu mövsüm ölkəmizi avrokuboklarda təmsil edəcək klublarımızın şanslarını dəyərləndirib:

"Bu mövsüm inamlı təsir bağışlayan "Sabah"dan da Çempionlar Liqasında uğurlu nəticə gözləyirəm. Çox istərdim ki, "Turan Tovuz" doğma meydanda tarixi uğurlara imza atsın. "Qarabağ" isə düşünürəm ki, Çempionlar Liqasındakı uğurundan daha böyüyünü Avropa Liqasında qazana bilər. İnamımız böyükdür. Bu da çempionatımızın nə qədər gərgin və rəqabətli keçməsinin nəticəsidir. Rəqabət olan yerdə klubların səviyyəsi də yüksəlir. Komandalarımızın son çıxışlarına baxdıqda gözləntilər daha da artır. Dörd komandanın da baş məşqçiləri Avropa təcrübəsinə malikdir. Ancaq futbol ildən-ilə dəyişir və yalnız təcrübə ilə uğur qazanmaq çətinləşir. İnkişaf edən futbol dünyası ilə ayaqlaşan məşqçilər və futbolçular klubun əsas üstünlüyünə çevrilir. Buna baxmayaraq, komandalarımızın baş məşqçilərinin təcrübəsinin bizə fayda verəcəyinə inanırıq".

 

Qeyd edək ki, cari mövsümdə avrokubokların püşkatnası iyunun 16-da keçiriləcək.