"Vasili Berezutski ailə səbəbinə görə komandadan ayrılıb. "Sabah" ilk dəfə bu mütəxəssisin rəhbərliyi altında Azərbaycan Kubokunu qazandı. Hamımız Berezutskinin rəhbərliyi altında bu yolu davam etdirəcəyini gözləyirdik". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.

Məşqçilər Komitəsinin sədri "Sabah"ın baş məşqçisi Vasili Berezutskinin komandadan ayrılmasına münasibət bildirib:

"Qəflətən verilən qərar onu göstərdi ki, "bayquşlar" ilk növbədə baş məşqçi məsələsini həll etməlidir. Yeni məşqçi, yeni sistem vaxt tələb edəcək. Avropa Liqasının oyunlarına bir aydan az vaxt qalmasını nəzərə alsaq, klub bir neçə istiqamətdə fəaliyyət göstərməlidir. Çətin vəziyyət yaranıb. Gözlənilməyən qərar qurulan işi yenidən başlamağa məcbur edir. Fikrimcə, "Sabah" rəhbərliyi düzgün seçim edərək "sükan arxasına" bu posta layiq olan mütəxəssis dəvət edəcək".

 

Qeyd edək ki, Azərbaycan Kubokunu qazanan "Sabah" bu yay ölkəmizi Avropa Liqasında təmsil edəcək.