Bu gün Premyer Liqada VIII tura start verilir. Azarkeşləri bir-birindən maraqlı 5 qarşılaşma gözləyir. Bir çox mütəxəssislər 2023/24 mövsümünün çox gərgin və maraqlı keçəcəyini proqnozlaşdırırdı ki, geridə qalan turlarda qeydə alınan bəzi sürpriz nəticələr onların dediklərinə sübutdu. Bəs görəsən, 8-ci oyun həftəsində bizi nə gözləyir?

"Danışır mütəxəssis" rubrikamızın budəfəki qonağı ənənəvi ekspertlərimizdən biri olan Vaqif Cavadovdu.  Şansları dəyərləndirmək üçün müraciət etdiyimiz veteran futbolçu Sport24.az-a açıqlamasında VIII turla bağlı ehtimallarını səsləndirdi.

Qarabağ” – “Sumqayıt

Son oyunlar bir daha göstərdi ki, Qurban Qurbanovun komandası yenə çempionluğa əsas namzidələrdən biridi. Ağdam təmsilçisinin səviyyəsi və gücü hamıya bəllidi. “Sumqayıt” ilk turlarda nəticə qazanmağı bacarsa da, son matçlarda istədiyini əldə edə bilmir. Hər iki kollektiv topla oynamağı sevdiyindən, bizi maraqlı oyun gözləyir. Matçın favoriti isə “Qarabağ”dı. Fikrimcə, meydan sahibləri növbəti 3 xalı hesabına yazdırmağı bacaracaq.

Turan Tovuz” – “Neftçi

Mövsümün əvvəlində çempionluğa iddialı olacağı gözlənilən “Neftçi”nin geridə qalan turlarda nə oynadığını heç kim başa düşmür. Hələ ki, komandanın bəlli oyun sistemi yoxdu. “Ağ-qaralar”ın istər hücumda, istərsə də müdafiədə yetərincə problemləri var. Ayxan Abbasovun çalışdırdığı Tovuz təmsilçisi isə yaxşı təsir bağışlayır. Məncə, Tovuzda baş tutacaq görüşdə sevinən tərəf meydan sahibləri olacaq. 

Səbail” – “Sabah

İlk turda “Səbail” böyük hesabla məğlub olanda çoxları Şahin Diniyevin komandasının cari mövsümdə də elitada qalmaq uğrunda mübarizə aparacağını söylədi. Ancaq təcrübəli mütəxəssis növbəti oyunlarda heyətdə cəmi iki dəyişiklik etdi ki, bu da bəhrəsini verdi. “Dənizçilər” artıq 4 turdu ki, meydanı qələbə ilə tərk edir. Məncə, “Sabah”ı da siyahıdan silənlər bir qədər tələsir. Murad Musayevin çalışdırdığı kollektiv də “qara zolaq”dan çıxacaq. “ASCO Arena”da keçiriləcək qarşılaşmanın heç-heçə bitəcəyini düşünürəm.

Kəpəz” – “Qəbələ

Komandaların autsayder olmasına baxmayaraq, unutmayaq ki, hər ikisi liderlərlə oyunlarda özlərini yaxşı tərəfdən göstərib. Gəncədə keçiriləcək görüş barədə fikir söyləmək bir qədər çətindi. Şansları 50-nin 50-yə dəyərləndirirəm.

Araz- Naxçıvan” – “Zirə

Həm “Araz-Naxçıvan”, həm də “Zirə” çox baxımlı, azarkeşlərə zövq verən oyun sərgiləyir. Naxçıvan təmsilçisi son turda məğlub olsa da, pis oynamadı. “Zirə”nin Premyer Liqanın lideri olması isə Rəşad Sadıqovun komandasının iddiasından xəbər verir. Mənə elə gəlir, Qəsəbə təmsilçisi bu turu da qalib kimi başa vuracaq.
RƏŞAD QASIMOV