Misli Premyer Liqasının VIII turunun "Sabah" – "Zirə" oyunundan (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Əvvəlcə bütün "Sabah" ailəsini təbrik edirəm. Həqiqətən, layiq olduğumuz qələbəni qazandıq. Oyuna çox yaxşı hazırlaşmışdıq. Rəqibi təhlil etmişdik və deyə bilərəm ki, oyunboyu inamlı olan biz idik. Oyunçular verdiyim tapşırıqları mükəmməl icra etdilər. "Zirə"yə böyük hörmətimiz var. Məşqçi işi olan ən yaxşı komandalardan biridir. İlk hissədə bütün üstünlük bizdə oldu, rəqibə imkan vermədik. "Zirə"nin fasilədən sonra təzyiqini artıracağını və əks-hücum şansımızın olacağını bilirdik. Bu qələbədə bütün futbolçuların əməyi var. Belə davam etməli, "Sabah"ın kimliyini yaratmalıyıq. İki komandada da itkilər var idi. Şafranko, Noqeyra, Lens zədəli idi. Bu gün şans qazanan gənclər çox yaxşı performans göstərdilər. Xəyal Əliyevi, Maludanı qeyd etməliyəm. Dünyanın ən xoşbəxt məşqçisiyəm ki, gənclərin belə yaxşı inkişafını görürəm.
– Artıq neçənci oyundur ki, paltardəyişmə otağına qaçaraq gedirsiz. Bu, nə ilə bağlıdır?
– Videoanalitikimiz var. Oyunboyu meydanda baş verən səhvlər, çatışmazlıqları göstərir. Daha çox vaxt qazanmaq üçün yanına erkən getmək istəyirəm.