UEFA "Qarabağ" klubunu 45750 avro (təxminən 84532 manat) cərimələyib. Sport24.az xəbər verir ki, ali futbol qurumu Bakıda "Braqa" və "Bayer"ə qarşı Avropa Liqasının oyunlarında yaşananlara hüquqi qiymət verib.

 

"Süvarilər" "Braqa"ya qarşı pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) lazer şüalarından istifadəyə görə 8000, azarkeşlər təhqir xarakterli təxribatçı mesajlar səsləndiryinə görə 22500, ictimaiyyətə müraciət sistemindən düzgün istifadə edilməməsi səbəbindən 5000, komandanın düzgün olmayan davranışına görə isə 7500 avro ödəyəcək.

 

Oyunun rəsmi şəxsini - hakimi təhqir edən Elvin Cəfərquliyev UEFA klub turnirlərdindən iki oyunluq diskvalifikasiya edilib. "Qarabağ"ın futbolçusu "Bayer"lə 1/8 finalın ilk matçını buraxsa da, cəzanın çəkilməyən hissəsi növbəti mövsümə qalıb. Almaniya klubu ilə cavab görüşündə aldığı qırmızı vərəqəni də nəzərə alsaq, Cəfərquliyev 2024/25 mövsümünə iki matçlıq diskvalifikasiya ilə başlayacaq.

 

Leverkuzen təmsilçisi ilə 1/8 final mərhələsinin Bakıdakı ilk qarşılaşmasında (2:2) isə azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər. "Qarabağ" buna görə 2750 avro ziyana düşüb.