Cari çempionatda XXVII tur arxada qaldı. Sport24.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun "ƏNLƏR"i rubrikasıyla yenidən görüşünüzə gələrək, bu dəfə son turun "simvolik yığması"nı təqdim edir.


"Simvolik yığma"

Qapıçı: Rza Cəfərov (Neftçi)


Müdafiəçilər: Azər Salahlı (Neftçi), Yuri Matias (Neftçi), Ruan Renato (Zirə), Toral Bayramov

Yarımmüdafiəçilər: Kilan Lebon (Neftçi), Aleksey İsayev (Qarabağ), Salifu Suma (Zirə), Rəhman Hacıyev (Neftçi).
Hücumçular: Nəriman Axundzadə (Qarabağ), Yeqor Boqomolski (Neftçi)


Turun BAŞ MƏŞQÇİsi –  Miodraq Bojoviç (Neftçi)

Monteneqrolu mütəxəssisin "sükan arxasına" keçməsindən sonra "Neftçi" ilk dəfə 90 dəqiqə meydanda dominant futbol sərgilədi. İlk dəqiqələrdən üstünlüyü ələ alan "ağ-qaralar" kəmiyyəti keyfiyyətə çevirməklə aktivinə 3 xal yazdırmağı bacardı.

Turun QƏHRƏMANı – Nəriman Axundzadə (Qarabağ)

Ağdamlıların gənc forvardı turdan tura "artıtır". Nəriman çətin Tovuz səfərində komandasının ilk qolunu vurmaqla qələbənin əsasını qoydu.

Turun ANTİQƏHRƏMANı – Numan Kurdiç (Araz-Naxçıvan)

Əslində Bosniya və Hersoqovinadan olan müdafiəçi həmyerlisi Miço Kuzmanoviçin "oduna yandı". Məhz "14 nömrə"nin səhv ötürməsindən sonra "Qəbələ"nin futbolçusu qapıçı ilə təkbətək çıxırdı ki, Kurdiç çətinliklə ona çatıb ikili mübarizədə qaydanı pozdu. Baş hakim isə qayda pozuntusunu sonuncu ümid folu kimi dəyərləndirib Numanı meydandan qovdu. 59-cu dəqiqədən etibarən azlıqda qalan "Araz-Naxçıvan" çox keçmədən, daha dəqiq desək, 67-ci dəqiqədə qapısında qol görməklə qələbəni əldən verdi.  

Turun KOMANDAsı – "Zirə"

Ardıcıl iki tur qələbə üzünə həsrət qalan "qartallar" III dövrədə bir çox komandalardan xal qoparmağı bacaran "Kəpəz"i məğlub etməklə liderlər qrupundan uzaq düşmədi. Rəşad Sadıqovun komandası matçboyu bütün göstəricilərdə rəqibdən üstün olmaqla azarkeşlərini qələbə ilə sevindirdi.

Turun SİTATı – XXVII turda "Sabah"ın yeni məşqçi  Krunoslav Renduliç "Sumqayıt"a qalib gəldikləri matçdan sonra səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşdü. Xorvat mütəxəssis "bayquşlar"ın futbolçularına bir növ xəbərdarlıq etdi:

"Çox da irəliyə gedərək, nələr olacağını deyə bilmərəm. Amma bəzi oyunçular öz davranışlarını dəyişməlidirlər. Əmin deyiləm ki, onlar bunu edə biləcəklər, ya yox. Kim dəyişəcəksə, inkişaf etmək istəyəcəksə, xoş gəlib, bizimlədir. Kim dəyişməyəcəksə, üzgünəm. Həmin oyunçunu dəyişəcəyik. Təkcə bizdə yox, bu cür proseslər hər komandada var. Hər şey daha yaxşı olacaq. 10 gün ərzində bəzi şeyləri daha da yaxşı yönə dəyişmişik. Daha məsuliyyətli oynayırıq. 10-15 günə çox şeyi dəyişmək olmur, addım-addım olacaq".