"Artıq mövsümün ikinci yarısı üçün Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına başlamışıq. Çempionatda fasilə elə də çox olmadı". Bu sözləri Sport24.az-a "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev deyib.
33 yaşlı müdafiəçi komandanın hədəfləri barədə söz açıb:
"İstirahətdən sonra insanda yeni həvəs olur. Qarşımıza bir məqsəd qoymuşuq. Ona çatmaq üçün var gücümüzlə məşqlərimizi edirik. Çempionatadək hazır olmaq niyyətindəyik. Düşünürəm ki, mövsümün ikinci yarısı birinciyə nisbətən daha ağır olacaq. Biz daha çox çalışmalı və işləməliyik".
Mövsümün ilk yarısında toplam üç matçda 109 dəqiqə meydanda olan Əliyev qərb təmsilçisindəki taleyi ilə bağlı da danışıb:
"Sözün düzü, zədədən sonra komandaya qayıtdım, yenidən zədələndim. 1 aydan çoxdur ki, komanda ilə məşq edə bilmirdim. Türkiyədə kollektivə qoşulacağam. Həkim isə zaman lazım olduğunu söyləyib. Mən də oynamaq və komandaya kömək etmək istəyirəm. Klubdan ayrılmaq barədə düşünməmişəm. Zədəmi sağaltmaq və "Turan Tovuz"a xeyir vermək barədə fikirləşirəm".