Misli Premyer Liqasının II turu çərçivəsində doğma meydanda "İmişli"ni qəbul edən "Zirə" 3:1 hesablı qələbə qazanıb. Sport24 xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov matç haqda fikirlərini bildirib:

 

"Olduqca gərgin və maraqlı oyunun şahidi olduq. Xüsusən, 2-ci hissədə sürətli oyun getdi. Çoxlu qol epizodları qaçırdıq. Futbolçular sona qədər inandılar,soyuqqanlı qaldılar meydanda. Son dəqiqələrdə əsas məsələ arxaya çəkilməmək idi. Belə də oldu. 2:1-dən sonra da hücum haqqında düşündülər. Bunun da nəticəsi olaraq 3-cü qolu vurduq".

 

- Artıq, 2-ci oyundur ki Qismət Alıyev ehtiyatda qalır...

- Bu, bizim sezon boyu planlaşdırdığımız bir məqam idi. Keçən mövsüm Qismət öz mövqeyində tək idi və o zədələndiyi halda çətinliklə üzləşirdik. Hazırda əlimizdə 3 cinah müdafiəçisi var və sezon boyu bu rotasiyalı şəkildə davam edəcək. Bu gün onun ehtiyatda olması, onun digər oyunçulardan zəif olması anlamına gəlmir. Hazırda da heyətlə bağlı əksiklərimiz var. Seleksiyalarımız davam edir. Danışıq apardığımız futbolçular da var. Mütləq şəkildə heyətimizi genişləndirməliyik. Konkret desək, 5-6 futbolçu ilə danışıqlar aparırıq. Hansı futbolçuların transfer olacağını yaxın zamanda görəcəyik. Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil."